“Bu, yaxşı bir başlanğıc idi”

bu-yaxsi-bir-baslangic-idi
Oxunma sayı: 246

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ nümayəndə heyəti ilə Omanın paytaxtı Məsqətdə keçirilən danışıqları “yaxşı başlanğıc” kimi qiymətləndirib.

“Qafqazinfo”nun xəbərinə görə, Araqçı danışıqlardan sonra İran dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, tərəflər mövqelərini bir-birinə çatdırmaq imkanı əldə ediblər.

Onun sözlərinə görə, İranın narahatlıqları, maraqları və İran xalqının hüquqları qarşı tərəfə açıq şəkildə təqdim olunub.

“Bu, çox müsbət bir atmosferdə baş tutdu. Biz qarşı tərəfin də fikirlərini dinlədik. Bu, proses üçün mühüm addımdır”, – deyə o qeyd edib.

Xarici işlər naziri danışıqlar qruplarının məsləhətləşmələr aparmaq üçün ölkələrinə qayıdacağını bildirib. O, danışıqların davam etdirilməsi prinsipi ilə bağlı tərəflər arasında fikir birliyinin olduğunu vurğulayıb.

“Yaxşı bir başlanğıc etdik. Danışıqların necə davam edəcəyi məsləhətləşmələrdən sonra müəyyənləşəcək. Bu, yaxşı bir başlanğıc idi. Prosesin davam etdirilməsi barədə razılıq var. Əgər bu şəkildə davam edərsə, razılaşdırılmış bir çərçivəyə nail olmaq mümkündür”, – deyə nazir əlavə edib.

Nazir danışıqlar prosesində etimad məsələsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, 2025-ci ilin iyununda İsrail və daha sonra ABŞ tərəfindən həyata keçirilən hücumlara toxunub. O bildirib ki, bu etimadsızlığın aradan qaldırılması və danışıqlar üçün aydın çərçivənin yaradılması vacibdir.

O, prosesin gələcək taleyinin qarşı tərəfin mövqeyindən və Tehranda veriləcək qərarlardan asılı olacağını vurğulayıb.