“Münaqişədən sonrakı şəraitdə ən ciddi və davamlı problemlərdən biri minalar və partlamamış hərbi sursatların mövcudluğudur. Mina və partlamamış hərbi sursatlar postmünaqişə dövründə inkişaf və bərpa prosesinin qarşısındakı ən böyük maneələrdən biri olaraq qalır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində keçirilən “Münaqişədən sonrakı şəhər rekonstruksiyası: Humanitar minatəmizləmənin həlledici rolu” adlı sessiyasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, problemin təsiri yalnız humanitar nəticələrlə məhdudlaşmır: “Çirklənmiş ərazilər məcburi köçkün əhalinin təhlükəsiz şəkildə geri qayıtmasına mane olur, şəhərlərin, yaşayış məntəqələrinin və mühüm infrastrukturun yenidən qurulmasını gecikdirir, torpaq və təbii resurslara çıxışı məhdudlaşdırır və nəticə etibarilə ümumi inkişaf prosesinə maneə yaradır.
Azərbaycanda biz dünyanın ən böyük mina çirklənməsi problemlərindən biri ilə üz-üzəyik. Milli hesablamalara əsasən, işğal nəticəsində təxminən 11 min 667 kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Hesab edilir ki, həmin ərazilərdə bir milyondan çox mina basdırılıb və bu, bərpa və yenidənqurma işləri qarşısında ciddi maneələr yaradır.
Bu çirklənmənin insanlara təsiri də olduqca ağırdır. Münaqişə başa çatdıqdan sonra 485 nəfər mina və partlamamış sursatların qurbanına çevrilib. Bu fakt göstərir ki, aktiv hərbi əməliyyatlar bitsə belə, mülki əhali üçün təhlükə davam edir. Eyni zamanda, bu çağırışın həlli düşünülmüş və təhlükəsiz şəkildə həyata keçirilməlidir.
Sədr bildirib ki, 2020-ci ilin noyabr ayından etibarən 272 mindən çox hektar ərazi minalardan təmizlənib, 452 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib: “Lakin humanitar minatəmizləmə fəaliyyəti yalnız mürəkkəb və uzunmüddətli proses deyil, eyni zamanda böyük maliyyə resursları tələb edir. 2021-ci ildən mina fəaliyyəti ilə bağlı işlərə təxminən 500 milyon ABŞ dolları ayrılıb və bunun 96 faizi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Bu fakt Azərbaycanın təhlükəsiz bərpa, yenidənqurma və inkişafın təmin olunmasına sadiqliyini aydın şəkildə nümayiş etdirir.
Minatəmizləmə fəaliyyəti yalnız insanların həyatını xilas etmir, eyni zamanda bərpa və yenidənqurmanın əsasını təşkil edir. Bu proses evlərin yenidən tikilməsi, infrastrukturun bərpası, kənd təsərrüfatının canlandırılması, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin dəstəklənməsi üçün zəruri şərait yaradır. Ən vacibi isə insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasına və həyatlarını yenidən qurmasına imkan verir.
Son illərdə Azərbaycan humanitar minatəmizləmə fəaliyyətini ölkənin daha geniş bərpa prioritetləri ilə əlaqələndirmək istiqamətində geniş işlər həyata keçirib. Bu çərçivədə hazırlanmış dövlət proqramı minatəmizləmə fəaliyyətini şəhərsalma, yenidənqurma və inkişaf prosesləri ilə birbaşa inteqrasiya edir”.
V. Süleymanov əlavə olaraq qeyd edib ki, ümumilikdə, 2020-ci ildən etibarən Azərbaycan hökuməti tərəfindən mülki sahədə tikinti və bərpa işlərinə təxminən 15 milyard ABŞ dolları ayrılıb: “Ərazilər minalardan təmizlənmədən tikinti və hərəkətlilik mümkün deyil. Təhlükəsizlik təmin olunmadan insanların geri dönüşü baş tuta bilməz. Əlçatan və təhlükəsiz torpaq olmadan isə dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Bu, bugünkü müzakirənin əsas mesajıdır. Təhlükəsiz və dayanıqlı bərpa təhlükəsiz torpaqdan başlayır.
Humanitar minatəmizləmə fəaliyyəti çirklənmiş əraziləri yenidənqurma, geri dönüş və ölkənin dayanıqlı inkişafı üçün imkanlara çevirir. Lakin bu çağırış yalnız Azərbaycana məxsus deyil. Dünyanın bir çox ölkələri oxşar problemlərlə üzləşir və mina çirklənməsi bərpa prosesini gecikdirməyə davam edir, mülki əhali isə risk altında qalır”.
***
.jpeg)
“Qarabağ və Şərqi Zəngəzurda bütün yenidənqurma prosesi baş planlara uyğun şəkildə həyata keçirilir”.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar mina təmizlənməsinin həlledici rolu” adlı tədbirdə SCUPA-nın Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Ramil Cahangirov deyib.
O bildirib ki, bu yanaşma Böyük Qayıdış Dövlət Proqramında və digər aidiyyəti sənədlərdə əsas prinsip kimi müəyyən olunub: “Yəni bütün infrastruktur və yaşayış tikintiləri şəhərsalma norma və standartlarına uyğun aparılmalıdır. Lakin tikinti prosesinin planlaşdırılması üçün təhlükəsizlik bir nömrəli məsələdir.
Məhz buna görə bütün sistem elə qurulub ki, ilk növbədə ərazilərin təhlükəsizliyi təmin olunsun və yalnız bundan sonra tikinti işlərinə başlanılsın. Bu, asan proses deyil. Həftə ərzində müxtəlif panel və sessiyalarda koordinasiyanın vacibliyindən danışmışıq. Şəhərsalma və minatəmizləmə sahəsində isə koordinasiya xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki atılan hər növbəti addım üçün ərazinin minalardan tam təmizləndiyinə əmin olmalıyıq”.
R. Cahangirov qeyd edib ki, əvvəlcədən hansı ərazilərin daha çox çirkləndiyini, hansılarının isə nisbətən təhlükəsiz olduğunu müəyyənləşdirmək üçün daim məsləhətləşmələr aparılır: “Bu gün artıq 270 mindən çox hektarın təmizləndiyini görürük. İstərdim auditoriya təsəvvür etsin ki, ANAMA mütəxəssisləri üçün hər kvadratmetri yoxlamaq nə qədər çətin və riskli prosesdir. Təhlükə hər yerdə ola bilər.
Bəzən mina təhlükəsi heç gözlənilməyən yerlərdə, dağlıq ərazilərdə və aktiv döyüşlərin getmədiyi zonalarda da ortaya çıxır.
Məhz buna görə hər yaşayış məntəqəsi tam şəkildə təmizlənməlidir. Digər mühüm məsələ isə baş planların mərhələli şəkildə icra olunmasıdır. Hazırda gördüyümüz yaşayış layihələrinin hamısı kənd və şəhərlərin ilk mərhələləridir. Bu mərhələlərin həyata keçirilməsi üçün də ANAMA ilə koordinasiya vacibdir. Əvvəlcə birinci mərhələ üçün nəzərdə tutulan ərazi təmizlənir, daha sonra tikinti başlayır”.
O bildirib ki, söhbət yalnız yaşayış məntəqələrinin təmizlənməsindən getmir: “Həmin yaşayış məntəqələri infrastrukturla da əlaqələndirilməlidir. Bu isə elektrik, su, qaz və genişzolaqlı internet xətlərinin keçdiyi marşrutların da minalardan təmizlənməsini tələb edir.
Bu səbəbdən koordinasiya yalnız bizimlə və ANAMA ilə məhdudlaşmır. Kommunal xidmət təminatçıları da prosesə cəlb olunur.
Bu isə işi daha mürəkkəb etsə də, eyni zamanda daha sistemli və təşkilatlanmış edir. Digər vacib məqam ondan ibarətdir ki, təmizləmə prosesi tikintidən dərhal əvvəl deyil, ondan xeyli əvvəl başa çatmalıdır.
Çünki layihələndirmə və planlaşdırma işləri üçün memarlar, mühəndislər və layihəçilər əraziyə daxil olmalıdırlar. Onlar geodeziya və geoloji tədqiqatlar aparmalıdırlar. Bu isə o deməkdir ki, tikinti başlamazdan əvvəl artıq ərazi təhlükəsiz vəziyyətə gətirilməlidir. Yəni əgər tikinti bu il başlayacaqsa, təmizləmə prosesi daha əvvəl tamamlanmış olmalıdır”.
O qeyd edib ki, bütün ardıcıllıq elə qurulur ki, tikintidən əvvəl hər şey hazır olsun: “Hətta yalnız tikintidən əvvəl deyil, layihələndirmədən də əvvəl. Digər tərəfdən, təmizləmə yalnız yaşayış məntəqələrinin sərhədləri ilə məhdudlaşmamalıdır. İnsanlar normal həyat şəraitində məhdudiyyət hiss etmədən yaşamalıdırlar. Şəhərdən kənara çıxmaq, ətraf ərazilərə getmək onlar üçün təhlükə yaratmamalıdır. Məhz buna görə yaşayış məntəqələrinin ətrafında bufer zonalarının təmizlənməsinə də xüsusi diqqət yetirilir.
Bufer zonaları yaşayış məntəqələrinin sərhədlərindən kənarda yerləşir və məqsəd insanların həmin ərazilərdə mümkün qədər təhlükəsiz hərəkət edə bilməsini təmin etməkdir. Əlbəttə, xəbərdarlıq nişanları mövcuddur. Lakin biz çalışırıq ki, qayıdan insanlar özlərini məhdudlaşdırılmış hiss etməsinlər. Repatriantlarla işləmək də çox vacib məsələdir. ANAMA bu istiqamətdə mühüm fəaliyyət həyata keçirir. Çünki bütün bu proseslərin əsas məqsədi öz torpaqlarına qayıdan insanlar.
Hər bir geri qayıdan şəxs mina təhlükəsi barədə məlumatlandırılır. Təhlükəsizlik təmin olunsa belə, risklərin tam aradan qalxmadığı insanlara izah edilir. Bu səbəbdən maarifləndirmə fəaliyyəti minatəmizləmə qədər vacibdir”.
***
“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Bu prosesdə əsas prioritet istiqamətlərdən biri minatəmizləmə fəaliyyətidir”.
Bu sözləri WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“2020-ci ilin noyabr ayından bu günədək 272 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Aparılan əməliyyatlar nəticəsində 250 mindən artıq mina və müharibənin partlamamış qalıqları aşkarlanaraq zərərsizləşdirilib”, - o açıqlamasında bildirib.
Lamiyə Məmmədova
Foto: Pərvin Zeynal
