Razılaşma ilə bağlı yeni detallar üzə çıxdı

razilasma-ile-bagli-yeni-detallar-uze-cixdi
Oxunma sayı: 238

İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı yeni detallar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, tərəflər arasında hələ yekun anlaşma əldə olunmasa da, diplomatik mənbələr fikir ayrılıqlarının azaldığını bildirir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə İranla bağlı suallara cavab verib və mövcud sanksiya siyasəti ilə bağlı sərt mesajlar səsləndirib. O, ABŞ-nin İran limanlarına qarşı blokadasının effektiv olduğunu deyib.

Eyni zamanda, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, danışıqlarda “müsbət siqnallar” var, lakin yekun nəticə hələ qeyri-müəyyəndir.

“Al Arabiya”nın yaydığı məlumata görə, mümkün razılaşma layihəsi bir neçə əsas bəndi əhatə edir. Bunlara bütün cəbhələrdə qeyd-şərtsiz atəşkəs, hərbi əməliyyatların dayandırılması, Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində gəmiçiliyin sərbəstliyi, tərəflər arasında mübahisələri izləmək üçün birgə komitənin yaradılması, 7 gün ərzində əlavə danışıqların başlanması və İranın öhdəliklərinə əməl etməsi qarşılığında ABŞ sanksiyalarının mərhələli şəkildə yumşaldılması daxildir.

İran rəsmiləri isə hələlik yekun razılaşmanın əldə olunmadığını təsdiqləyib. Bildirilib ki, tərəflər arasında əsas fikir ayrılıqları qalır, xüsusilə nüvə proqramı və strateji boğazlarla bağlı məsələlər həssas olaraq qalır.

Bununla belə, diplomatik kanallarda irəliləyişin olduğu və mövqelərin əvvəlki dövrlə müqayisədə yaxınlaşdığı qeyd olunur.