“Azərbaycanda ezamiyyə xərcləri çox aşağıdır”

azerbaycanda-ezamiyye-xercleri-cox-asagidir
Oxunma sayı: 3436

“Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə,  son 5 ildə ölkəmizdə ezamiyyə xərcləri artırılmayıb:

“Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərara əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub.

Ötən illərdə illik inflyasiya səviyyəsini nəzərə alsaq, bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz. Aydındır ki, 1 günlük hotel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir”.

Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflərin də kifayət qədər aşağı olduğunu vurğulayan V.Bayramov qeyd edib ki, bu tariflər praktik olaraq xərclərin tam ödənilməsinə imkan vermir:

“Daxildə olduğu kimi, xarici səfərlər zamanı da müəyyənləşdirilən tariflər uzun müddətdir ki, dəyişdirilmir.

Hətta son 2 ildəki yüksək inflyasiyanın qeydə alındığını nəzərə alsaq, bu tariflərin real xərclərdən uzaq olduğunu müəyyənləşdirmək çətin olmaz. Bu kontekstdən, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur.

Ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsi yenidən gündəmə gətirilməli və yeni tariflərin müəyyənləşdirilməsi çox vacibdir”.