Azərbaycanda qəzetlər nəyin hesabına çıxır? - Monitorinq

azerbaycanda-qezetler-neyin-hesabina-cixir-monitorinq
Oxunma sayı: 1018

Bəri başdan deyək ki, Azərbaycan qəzetləri içərisində informasiya agentliklərinin xəbərlərinin işlənməsində təkcə “Zerkalo” xüsusi yanaşması ilə seçilir. Bu qəzet səhifələrini agentliklərin materilların hesabına doldurmur. Həmin məlumatlardan istifadə olunaraq müəllif yazısı ortaya çıxarır. Bu üslub dünya mediasında üstünlük təşkil edən qəzetçilik peşəkarlığıdır. Yerdə qalan qəzetlərin demək olar ki, hamısı agentliklərin xəbərlərini olduğu kimi səhifələrində yerləşdirir. Bu da qəzetlərin oxunaqlılıq əmsalını aşağı salır. Bir qəzet almaq qərarına gələn oxucu ikinci mətbuat orqanına havayı yerə pul xərcləməyə ehtiyac duymur. Çünki daha çox agentliklərin hesabına nəşr olunan qəzetlər xəbər baxımından bir-birini təkrar edir.

Bir həftə ərzində apardığımız monitorinqdə cəmi 2-3 jurnalist araşdırmasına rast gəldik. Son illərdə, demək olar ki, özündə dərin təhqiqat əks etdirən jurnalist araşdırması qəzetlərimizdə özünü göstərmir.

Qəzetlərdə daha çox “RİA-Novosti”, “Modern.az”, “Qafqazinfo”, “Day.az”, “Olaylar”, “APA”, “Turan”, “Trend”, “ANSPRESS” və “Fanat.az”ın məlumatlarından istifadə olunur.

Bir məqamı da qeyd edək ki, “Zaman” qəzetinin bir hissəsi türk dilində olan materillardan ibarət olduğu üçün biz yalnız onun Azərbaycan dilində yazılmış məqalələrinin monitorinqini apardıq. Qəzetlərlə bağlı apardığımız monitorinqin nəticəsini oxuculara təqdim edirik.

“Yeni Müsavat” qəzetində bu mətbuat orqanına məxsus xəbərlərin sayı bütün materialların 31,49 %-ni təşkil edir. “Azadlıq”da bu rəqəm 29.72%, “Zaman” qəzetində 32.28 %, “Bakı xəbər”də 6.50%, “Respublika”da 13.72%, “Gündəlik Bakı”da 52.88%, “Gündəm xəbər”də 36.58%, “Bizim yol”da 28.01%, “Eksperss”də 34.02% arasında dəyişir.

Qəzetlərdəki müəllif yazıları isə bu şəkildə formalaşır: “Azadlıq” 32.43%, “Yeni Müsavat” 29.83%, “Gündəlik Bakı” 26.92%, “Gündəm xəbər” 21.95%, “Respublika” 19.60%, “Bakı xəbər” 17.47%, Zaman” 13.38%, “Bizim yol” 12.56%, “Ekspress” 11.34%.

Agentliklərin və xəbər portallarının məlumatlarına ən çox yer verən mətbuat orqanı “Respublika” qəzetidir. Bu qəzetdə materialların 52.94%-i AzərTacın məlumatlardır. Bu sırada ikinci yeri “Bakı xəbər” qəzeti tutur. Bu qəzetin səhifələri agentliklərin hesabına 51.62%-lə müəyyənləşir. Sonrakı ardıcılıqla “Bizim yol” 46.85%, “Yeni Müsavat” 33.14%, “Eksperss” 26.80 % “Azadlıq” 21.62%, “Gündəm xəbər” 17.07%, “Zaman” 9.44%, “Gündəlik Bakı” 1.92% sıralanır.

Ekspert rəylərinə də qəzetlər geniş yer verir. Müşahidələr göstərir ki, bəzən bu rəylər səhifələrdə yer tutmaqdan başqa ictimai marağa səbəb olmur. Qəzetlərdə ekspert rəylərindən istifadə edənlər bu ardıcılıqda düzülüb. “Azadlıq” 12.61%, “Bakı xəbər” 6.09%, “Yeni Müsavat” 5.52%, “Ekspress” 5.15%, “Bizim yol” 2.89%, “Zaman” 2.36%, “Gündəlik Bakı” 1.92%, “Gündəm xəbər” 0.81%, “Respublika” 0 %.

Qəzetlərin yerdə qalan materialları xarici mətbuatdan tərcümələr hesabına müəyyənləşir.