“Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusu hazırlanıb

azerbaycanda-reqemsal-inkisaf-faktlar-tehliller-reqemler-adli-statistik-gostericiler-toplusu-hazirlanib
Oxunma sayı: 827

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi (DSK) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə əməkdaşlığı ilə “Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusu hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycaningilis dillərində olan nəşrin hazırlanmasında məqsəd İKT sektorunun sürətlə inkişaf etməsi ilə son dövrlərdə daha da geniş yayılmış rəqəmsal inkişaf göstəricilərinin müəyyən edilməsi, məlumatların beynəlxalq metodologiyaya uyğun toplanılması və dataya əsaslanan qərar qəbuletmə mədəniyyətinin inkişaf etdirilməsidir.

Hazırda Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır. İqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslərin icrası təmin olunur.

Rəqəmsallaşma və İKT sahəsində dataya əsaslanan qərarların qəbul edilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində statistik məlumatlar əsas mənbə rolunu oynayır. Bu da öz növbəsində həmin məlumatların beynəlxalq metodologiyaya uyğun olmasını və daima yenilənməsini tələb edir.

Yeni nəşrdə 2018-2022-ci illər üzrə ev təsərrüfatları arasında aparılmış sorğu və hüquqi şəxslərdən toplanan məlumatlar əsasında əldə olunan rəqəmsal inkişaf göstəriciləri əksini tapıb.

Statistik göstəricilər toplusunun hazırlanması prosesində BTİ, BMT və DSK-nın rəsmi sənədlərinə istinad edilib.