“AzerGold” istiqrazlarının tədavülü uğurla yekunlaşıb

azergold-istiqrazlarinin-tedavulu-ugurla-yekunlasib
Oxunma sayı: 2080

Ölkəmizin qeyri-neft sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) emissiya etdiyi faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların tədavül müddəti yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, QSC-nin yeni mədən layihələrinin icrası ilə bağlı alternativ maliyyə alətlərindən istifadə olunması, ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verilməsi, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanlarının yaradılması məqsədilə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılan “AzerGold” istiqrazları üzrə 200,000 ABŞ dolları məbləğində sonuncu, 12-ci kupon ödənişi icra edilib.

Beləliklə, “AzerGold” istiqrazlarının 3 illik tədavül müddəti ərzində rüblük əsasda icra edilən 12 kupon ödənişi nəticəsində 2,400,000 ABŞ dolları məbləğində faiz gəlirləri ilə yanaşı, 20,000,000 ABŞ dolları məbləğində əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla, ümumilikdə 22,400,000 ABŞ dolları məbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi prosesi başa çatdırılıb.

Xatırladaq ki, nominal dəyəri 100 ABŞ dolları, ümumi emissiya həcmi 20,000,000 ABŞ dolları olan “AzerGold” istiqrazları iki tranş üzrə olmaqla, 2020-ci ilin 24 sentyabr və 30 noyabr tarixlərində illik 4% kupon dərəcəsi ilə tədavülə buraxılıb. “PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayter qismində çıxış etdiyi və geniş xalq kütləsi üçün nəzərdə tutulan istiqrazların orta gəlirliliyi 3.35 % təşkil edib