“Azəriqaz”dan əməkdaşın işdən çıxarılması ilə bağlı məsələyə - Reaksiya

azeriqazdan-emekdasin-isden-cixarilmasi-ile-bagli-meseleye
Oxunma sayı: 2721

“Azəriqaz”ın Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədovun martın 15-də Ucar xidmət sahəsinin əməkdaşı İlkin Məmmədovu təhqir etməsi və işdən çıxarması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar qurumun bir qrup əməkdaşının etiraz əlaməti olaraq tətil etdiyi iddia edilir. Onların hadisənin obyektiv araşdırılması üçün “Azəriqaz” rəhbərliyinə müraciət etdikləri də bildirilir. 

“Qafqazinfo” xəbər verir ki, "Azəriqaz" İB-nin mətbuat xidməti məsələ əlaqədar açıqlama yayıb. Açıqlamada yerli qaz istismarı idarəsi ilə sözügedən idarənin əməkdaşı İlkin Məmmədov arasında yaranmış problemin hüquqi müstəvidə araşdırıldığı qeyd olunub. Bildirilib ki, İ.Məmmədovun qanunsuz əməlləri ilə bağlı martın 29-da Ağsu RQİİ-nin Ucar xidmət sahəsi tərəfindən “İşçilərin kollektiv surətdə əmək qanunvericiliyini pozması və bu halların qarşısının alınması haqqında” Ucar Rayon Polis Şöbəsinə məktubla müraciət olunub: “Ucar RPŞ tərəfindən İlkin Məmmədov saxlanılaraq barəsində araşdırma aparılıb və İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati icraat başlanıb. Ucar RPŞ tərəfindən 30.03.2023-cü il tarixdə qeyd olunan maddələr üzrə tərtib edilmiş inzibati protokol baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.

Ucar Rayon Məhkəməsi tərəfindən İ.Məmmədov AR İXM-nin yuxarıda qeyd olunan maddələri üzrə təqsirli hesab olunub, hakimin inzibati xəta haqqında iş üzrə 30 mart 2023-cü il tarixli qərarına görə 1 (bir) ay müddətində inzibati qaydada həbs və həbsdən sonra ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə təyin edilib”.