“AzInTelecom” Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirib - Fotolar

azintelecom-zefer-gunu-munasibetile-agacekme-aksiyasi-kecirib
Oxunma sayı: 916

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən ağacəkmə aksiyası keçirilib.

8 Noyabr – Zəfər Gününün üçüncü ildönümünə həsr edilən aksiyada “AzInTelecom” MMC-nin rəhbərliyi, əməkdaşları, o cümlədən hazırda şirkətdə çalışan Vətən müharibəsi qaziləri iştirak ediblər.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov çıxış edərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində şanlı qələbə qazandı: “Azərbaycan artıq öz suverenliyini tam bərpa etmiş qalib bir ölkədir. Bugünkü aksiya haqq savaşımızın zəfərlə başa çatması yolunda canından keçmiş şəhidlərimizə və qazilərimizə həsr olunub. Biz bu gün qazilərimizlə birlikdə Vətən müharibəsində şəhid olan həmvətənlərimizi qürur hissi ilə yad edirik, ailələrinə səbir diləyirik”.

Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra ərazidə müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiyanın təşkil edilməsində məqsəd şəhidlərimizin xatirəsini yad etmək, eyni zamanda Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək olub.