AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular

AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular
Oxunma sayı: 8659

Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov öz feysbuk səhifəsində məlumat verib.

“Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”, - deyə R. Məmmədov qeyd edib.

Allah rəhmət eləsin!

***

“Azərtac” da hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər.

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində Azərtac-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

“Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.