BAAU-da Ədalət Tahirzadənin yubileyi keçirildi - Fotolar

baau-da-edalet-tahirzadenin-yubileyi-kecirildi
Oxunma sayı: 251

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə professor Ədalət Tahirzadənin 75 illik yubileyi münasibətilə “Dilimiz, ədəbiyyatımız və tariximiz ən yeni elmi araşdırmalar işığında” mövzusunda Respublika elmi konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri, tanınmış alimlər, ictimai xadimlər, ziyalılar və gənc tədqiqatçılar iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra professor Ədalət Tahirzadənin zəngin elmi-pedaqoji fəaliyyətini və Azərbaycan humanitar fikrinin inkişafına verdiyi töhfələri əks etdirən videoçarx nümayiş olunub.

Konfransı giriş nitqi ilə açan BAAU-nun rektoru, dosent Səyavuş Qasımov professor Ədalət Tahirzadənin Azərbaycan elm və təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib. Rektor vurğulayıb ki, yubilyarın Azərbaycan dili, ədəbiyyatı və tarixinin tədqiqi istiqamətində apardığı fundamental araşdırmalar milli humanitar fikrin inkişafında mühüm rol oynayıb. O, professor Ədalət Tahirzadənin elmi və pedaqoji fəaliyyətinin gənc nəslin milli ruhda formalaşmasına əhəmiyyətli töhfələr verdiyini qeyd edib.

Konfransda çıxış edən akademik Rafael Hüseynov professor Ədalət Tahirzadənin Azərbaycan dili, ədəbiyyatı, tarixi və ictimai fikir sahəsində apardığı tədqiqatları yüksək qiymətləndirərək onun elmi irsinin milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan humanitar fikrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Konfransda çıxış edən AMEA-nın müxbir üzvü və BDU-nun Ali riyaziyyat kafedrasının müdiri, professor Misir Mərdanov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, müstəqil araşdırmaçı, professor Nəsib Nəsibli, Azərbaycan Milli Müdafiə Universitetinin rektor müavini, professor İbrahim Əthəm Atnur, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Abid Tahirli, BAAU-nun elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova və BDU-nun Ümumi fizika və FTM kafedrasının müdiri, dosent Rəhim Rəhimli professor Ədalət Tahirzadənin Azərbaycan elmi və təhsilinin inkişafındakı xidmətlərindən, maarifçilik fəaliyyətindən və gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsindəki rolundan bəhs ediblər.

Konfransda yubilyarın tələbə yoldaşı olmuş Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin rəsmi təbrik məktubu Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli tərəfindən oxunub.

Sonda yubilyar, professor Ədalət Tahirzadə çıxış edərək konfrans iştirakçılarına təşəkkürünü bildirib, Azərbaycan elminin inkişafı naminə bundan sonra da fəaliyyətini davam etdirəcəyini qeyd edib. O, humanitar elmlərin müasir dövrdə qarşısında duran əsas vəzifələrdən, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsinin əhəmiyyətindən danışıb.

Konfrans çərçivəsində dilçilik, ədəbiyyat və tarix üzrə proqrama uyğun olaraq bölmə iclasları keçirilib. İclaslarda məruzələr dinlənilib, aktual elmi problemlər ətrafında geniş müzakirələr aparılıb və konfrans öz işini müvəffəqiyyətlə yekunlaşdırıb.