Məlum olduğu kimi, gələn həftə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi start götürür. Artıq tədbirin təşkili ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, bu gün bir qrup media nümayəndəsi üçün konqresin keçiriləcəyi məkana media-tur təşkil olunub. Jurnalistlər hazırlıq prosesi ilə yerində tanış olublar.
Bildirilib ki, konqresdə 33 ölkə iştirak edir. Həmçinin 140-dan çox şirkət sərgi pavilyonunda təmsil olunur.
101 ölkədən 4000-ə yaxın iştirakçı konqresdə iştirak üçün qeydiyyatdan keçib. Beynəlxalq tədbirə ümumilikdə 33 şirkət sponsor qismində dəstək göstərir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir: "Çox sevindirici haldır ki, tədbir iştirakçılarını yarıdan çoxu gənclərdir. Azərbaycan gəncləri də bu sahədə çox aktivdir. Belə ki, elmi sahədə Azərbaycanın gənc alimləri 200-dən çox elmi məqalə təqdim edib. Ümumilikdə, Konqresə 195 ölkdən 3 500-dən çox elmi məqalə təqdim olunub".
Media nümayəndələri təbdirlərin keçiriləcəyi Bakı Konqres Mərkəzi və sərgi pavilyonu ilə tanış olublar. Mərkəzdə tədbirdə iştirak edən elm adamları üçün xüsusi interaktiv təqdimat monitorları ayrılıb. Onlar həmin guşələrdə öz prezentasiyaları edə biləcəklər.
Beynəlxalq Astronavtika Federasiyasının stendində isə Azərbaycanla bağlı ümumi məlumat və növbəti il Milanda keçiriləcək tədbirin posterləri yer alır. 2026-cı ildə keçiriləcək konqresinin keçiriləcəyi şəhər isə Bakı konqresi çərçivəsində seçiləcək və elan olunacaq.
Artıq tədbir otaqlarında elmi sessiyaların keçirilməsinin şahidi oluruq. “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudovanın sözlərinə görə, oktyabrın 2-dən etibarən sərgi pavilyonu qeydiyyatdan keçmiş bütün iştirakçılar üçün açıq olacaq: "Bu sərgi pavilyonu yeni biznes imkanlarına yol açacaq, burada çoxsaylı əməkdaşlıqlar və tərəfdaşlıqlar qurulacağına əminəm. Bura həm dövlət, həm özəl, həm də startap şirkətlərin əlaqələr qurması üçün əvəzsiz imkanlar yaradacaq bir platformadır".
Sərgi pavilyonunda da işlər tamamlanmaq üzrədir. Bir çox ölkələr öz stendlərini hazır etsələr də, bəzilərində isə son tamamlama işləri davam etdirilir.
Bakı Konqresində 250-dən çox media nümayəndəsi qeydiyyatdan keçib. Onların 60-dan çoxu xarici KİV-dir.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi oktyabrın 2-6-da keçiriləcək. Dünyanın əksər kosmos alimlərinin bir araya gəldiyi bu mühüm elmi tədbir hər il 6 mindən çox iştirakçıya ev sahibliyi edir. Astonavtika sektorları və mövzularını əhatə edən konqres ən son kosmik bilik və inkişafları, imkan və əlaqələri, akademiya və sənaye çalışmalarını qarşılıqlı paylaşır.
Gülnar Əliyeva