Xəzri İstirahət və Sağlamlıq Mərkəzində Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Alexander Ratner, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyi və 50-yə yaxın Avropa ölkəsinin Atıcılıq Federasiyasının rəhbərlikləri iştirak edir.
Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini Mariana Vasileva Gənclər və İdman Nazirliyi adından hər kəsi salamlayıb:
“Atıcılıq Azərbaycanda məşhur idman növlərindən biridir. Əminliklə deyə bilərəm ki, 29-cu Baş Assambleyada düzgün qərarlar veriləcək. Hər birinizə uğurlar arzulayıram”.
İki ildən bir keçirilən Assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, federasiyaların növbəti illərdə inkişaf istiqamətləri üzrə müzakirələr həyata keçiriləcək.
Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası barədə jurnalistlərə açıqlama verib.
O, iclasda əsas olaraq növbəti illər ərzində Avropa Komitələrində inkişaf planlarının müzakirə olunacağını və atıcılıq üzrə Avropa çempionatlarının hansı ölkədə təşkil olunması barədə seçkilərin keçiriləcəyini vurğulayıb:
“Ümumilikdə son iki il ərzində Avropa Atıcılıq Konfederasiyasının və Avropa ölkələrində atıcılıq sahəsində görülümüş işlər barədə fikir mübadiləsi aparılacaq. Səsvermə ilə bir sıra məsələlər qəbul olunacaq”.
Emin Cəfərov bildirib ki, Azərbaycanda növbəti ilin may ayında atıcılıq üzrə Dünya Kuboku mərhələsinin keçirilməsi nəzərdə tutulur:
“Təbii ki, bu da böyük yarış hesab edilir. Lakin gələcək illərdə ölkəmizdə atıcılıq üzrə Avropa çempionatının keçirilməsi planlaşdırılır”.
Dünya Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi də tədbir barədə danışıb:
“Ümumiyyətlə, mən Azərbaycan Atıcılıq Federasiyası ilə birlikdə işlər görmüşəm. Bu tədbir son illərdə keçirilmiş ən möhtəşəm tədbir idi. Buna görə öz təşəkkürümü bildirirəm. Olimpiya oyunlarına hazırlıq dövrünü Bakıda keçirmək istəyirik. Azərbaycanın çox möhtəşəm təşkilatçılıq qabiliyyəti var. Azərbaycanın atıcılıq mərkəzi çox gözəldir. Nəinki Avropada, hətta dünyada ən yaxşılarından sayılır.
Düşünürəm ki, təkcə dünya çempionatı deyil, həmçinin Avropa çempionatının da Azərbaycanda keçirilməsi mümkündür. Azərbaycanda Atıcılıq Federasiyasının prezidenti ilə görüşlərimiz olub. Mən də şəxsən dünya atıcılıq federasiyası adından öz töhfəmi verməyə hazıram. Azərbaycanda keçirilmiş dünya çempionatı çox möhtəşəm təşkil olunmuşdu. Azərbaycanın qonaqpərvərliyini, ənənələrini, mədəniyyətini birləşdirən bir tədbir idi və bu tədbir dünyaya böyük bir mesaj idi. Dünya Atıcılıq Federasiasının prezidenti Luçiano Rossi olaraq belə bir arzum var ki, dünya çempionatının final mərhələsi də Azərbaycanda keçirilsin”.




Son xəbərlər
Son Xəbərlər