Bakıda II “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, aqrar sahədə məhsuldarlığın daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi aqrar sahənin dayanıqlı inkişafı üçün əsas prinsiplərindəndir.
Türk dövlətlərinin dünya miqyasında böyük iqtisadi gücə malik olduğunu deyən nazir Məcnun Məmmədov kənd təsərrüfatının bu iqtisadi gücün əsas mənbələrindən biri olduğunu vurğulayıb.
Nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji zonası” elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat verib.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı TDT-ni üzv ölkələr arasında kənd təsərrüfatı, qida, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığı genişləndirən mühüm bir platforma adlandırıb.
Özbəkistan kənd təsərrüfatı naziri Əziz Voitov vurğulayıb ki, üzv ölkələrin elmi-texnoloji, iqtisadi potensialı dayanıq inkişafa və ixrac coğrafiyasını genişləndirməklə qlobal bazarlara çatdırılmasına imkan verir.
Daha sonra Azərbaycanın kənd təsərrüfatı ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib.
Daha sonra II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib.
Qeyd edək ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan və digər dost və qardaş üzv-dövlətlər tərəfindən dəstəklənən Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin ilk toplantısı Özbəkistanda keçirilib.