Bakıda “Yer saatı 2024” beynəlxalq kampaniyası qeyd edildi - Fotolar

bakida-yer-saati-2024-beynelxalq-kampaniyasi-qeyd-edildi
Oxunma sayı: 1538

“Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində “IDEA” İctimai Birliyi və  Dünya Vəhşi Təbiət Fondunun (WWF) birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının dəstəyi ilə martın 23-də Bakıda “Yer saatı 2024” (Earth Hour 2024) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin parkında toplaşaraq təntənəli gerisayımla saat 20:30-da ətrafdakı işıqlarının söndürülməsinə müşahidə edib, kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və kütləvi əyləncə proqramında iştirak ediblər.

Yüzlərlə gəncin qoşulduğu “Yer saatı 2024” aksiyası zamanı ətraf mühitin mühafizəsi ilə yanaşı, bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbiri ilə əlaqəli maraqlı müsabiqələr, LED işıqlardan ibarət şou, fasiləsiz musiqi və digər sürprizlər iştirakçıların böyük marağına səbəb olub.

“Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyi ilə mübarizə uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işıqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.