“Baksol”da 3900 manatlıq qanun pozuntusu - Fotolar

“Baksol”da 3900 manatlıq qanun pozuntusu
Oxunma sayı: 1179

Bakı şəhərinin “Baksol” adlanan ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət  Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki,  Ələsgər Qayıbov küçəsində, “Baksol” adlanan ərazidə Bakı Biskvit Fabrikinə məxsus ərazidə drenaj kanalı çəkilərkən bir neçə sərv ağacının dibinin kök sisteminə zərər vurulduğu və nəticədə ağacların aşdığı məlum olub.

Araşdırma zamanı təbiətə 3900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Aşan ağaclar isə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən  doğranaraq ərazidən kənarlaşdırılıb”.

Nazirliyin sözçüsü qeyd edib ki, faktla bağlı Bakı Biskvit Fabrikinin məsul şəxsi barəsində akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluğa göndərilib”.

İ.İbrahimova yaşıllıqlara belə laqeyd münasibət göstərənlərin məsuliyyətə cəlb olunacağını və barələrində ciddi tədbirlər görüləcəyini bildirib. “Lakin cərimə və cəza ilə iş bitmir, bu cür insanlar ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar".




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi