“2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər: “İl ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirib, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərib.
Bu baxımdan 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.
Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olub.
Bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcək.
2025-ci ildə əldə edilmiş mühüm diplomatik uğurlar sırasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi rolunun beynəlxalq səviyyədə tanındığını göstərir.
Hesabat ilində Azərbaycan ümumi əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon ABŞ dollarından çox olan D-8 təşkilatına üzv qəbul olunub.
Eyni zamanda, ötən il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlər sırasında təbii ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü və Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü xüsusilə qeyd etmək olar.
Ölkəmiz cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcək”.
***
Baş nazir əlavə edib ki, hesabat ilində torpaq və su ehtiyatlarının mühafizəsi gücləndirilib, su problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülüb: “Prezidentin 2026-cı il 12 yanvar Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. 2025-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 504 mln. manat vəsait ayrılıb.
Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 539 mln. manat məbləğində vəsait yönəldilib. Bu, keçən illə müqayisədə 23% çoxdur”.
***
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilib.
“Ümumiyyətlə, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat investisiya vəsaiti yönəldilib. İnvestisiyanın 74,8%-i qeyri-neft-qaz sektoruna, 25,2%-i neft-qaz sektoruna yönəldilib”, - deyə Baş nazir qeyd edib.
***
Əli Əsədov vurğulayıb ki, Prezidentin 30 yanvar 2025-ci il Sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunub: “Proqram çərçivəsində dayanıqlı nəqliyyat sisteminin qurulması, xidmət keyfiyyətinin artırılması, nəqliyyatda rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi əsas istiqamətlər kimi müəyyən edilib.
Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib.
2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib, yenidən qurulub və əsaslı təmir olunub, 84 km dəmir yolu xətti yenidən qurulmuş, 7 dəmir yolu tuneli və körpüsü tikilmiş və əsaslı təmir olunub”.
Nuranə Daxilqızı