Baş Prokurorluq ilə Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev iki orqan arasında əməkdaşlığın hər zaman yüksək səviyyədə olduğunu bildirməklə yanaşı, bu memorandumun yeni mərhələyə keçid olduğunu ifadə edib. Tərəflər arasında münasibətlərin korrupsiyaya qarşı, dövlət maliyyə sahəsində, o cümlədən iqtisadi xarakterli cinayətlərə qarşı mübarizəyə töhfə verdiyini bildirib.
Palata sədri Vüqar Gülməmmədov ali audit orqanlarının korrupsiyanın qarşısının alınmasına cəlb edilməsi təcrübəsinin son illərdə genişləndiyini, korrupsiyaya qarşı mübarizənin Hesablama Palatasının vəzifələrindən biri olduğunu və əməkdaşlıq çərçivəsində müxtəlif təlim proqramlarının həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, memorandum çərçivəsində tərəflər korrupsiyaya qarşı mübarizə səylərini birləşdirmək, bu sahədə sistemli, kompleks və innovativ xarakterli tədbirlərin icrasının davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə mövcud təcrübəni bölüşməklə ikitərəfli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi məqsədilə səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər.