“...Başımızı soxmuşuq kolun arasına heç kim bizi görmür”

basimizi-soxmusuq-kolun-arasina-hec-kim-bizi-gormur
Oxunma sayı: 678

“Xalq iqtidarın bütün ərköyünlüklərinə, ədalətsizliklərə dözür”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın “Qafqazinfo”ya müsahibəsi:

- Azərbaycanın seçki tarixində proseslərin ilin əvvəlindən etibarən bu qədər aktiv başlamış olduğu dövr olubmu? Hakimiyyəti narahat edən bir neçə aksiya artıq baş tutub...
- Məncə bu seçki ilə bağlı deyil. Bu ölkədə olan hüquqsuzluq və ədalətsizlik mühitinin genişlənməsi ilə bağlıdır. Artıq insanların hər hansı bir şəkildə virtual olaraq belə dəyişiklik müşahidə etməməsi, hamının eyni postda 15, 20 il qalması insanlarda ciddi bir qıcıq oyandırır. Söhbət hakimiyyətə qarşı hər hansı bir şəkildə qəbul etməzlikdən getmir. Hətta Azərbaycan xalqının ümumi psixologiyasında yuxarıdan dəyişiklik edilməsi daha ağırlıq təşkil edir, nəinki aşağıdan inqilabvari, xaotik bir dalğada ölkənin qarışıqlığa sürüklənməsi. Və bu baxımdan da insanların böyük əksəriyyəti hakimiyyətdən nisbiyə yaxın bir dəyişiklik gözləyir. Bu da baş verməyəndə hamı öz işində, öz yerində çapıb talamasında olanda bu artıq yığılmış bir kinin, nifrətin ortaya çıxmasıdır. O da bu formada ortaya çıxır. Biri icra başçısını, biri moteli bəhanə edir və.s Və bu da onu göstərir ki, Azərbaycan hakimiyyəti islahatlar aparmağa hazır deyil. Özünü psixoloji cəhətdən buna hazırlamalıdır. Eyni üslubda bu siyasəti davam etdirmək, hakimiyyət üçün yaxşı sonluq vəd etmir. Mütləq ciddi şəkildə islahat xarakterli qərarlar qəbul edilməlidir. Bu baxımdan da Azərbaycanı ciddi bir təhlükə gözləməkdədir. Hakimiyyət islahatı gecikdirir, islahat niyyəti olmadığını açıq-aşkar göstərir. Son addımlar da bunu sübut etdi. Kütlə isə siyasi müxalifətə belə güvənmədən özləri bu problemi həll etmək istəyir. Azərbaycanın ən böyük faciəsi son 20 ildə siyasi mədəniyyətin subyektlər, aktyorlar arasında formalaşmaması oldu. Problemləri hakimiyyət, iqtidar və siyasi müxalifət həll etməyəcək. Problemləri artıq xalq həll edəcək. Xalqın da həll etdiyi yol yandırmaqdan, sındırmaqdan, məhv etməkdən keçir. Sonunda bu Azərbaycanın özünün yanmasına, sınmasına gətirib çıxaracaq bir prosesin əsasını qoya bilər. Ona görə də ağlı başında olan qüvvələr bu məsələdə ciddi düşünüb dialoq mühitinin yaranmasına çalışmalıdırlar. Təəssüf ki, bu istiqamətdə bizim səylərimiz də heç vaxt səmərə vermir. Hakimiyyət ümumiyyətlə özünə o qədər arxayındır ki, heç bir kənardan olan fikri özünə yaxın buraxmaq istəmir. Mən hesab edirəm ki, bunun sonradan acı nəticələrini görəcəklər.

- Prosesi Azərbaycan xalqının oyanmasına doğru ilkin addımlar kimi dəyərləndirmək olarmı?
- Azərbaycan xalqının oyanması deyilən bir anlayış yoxdur. Azərbaycan xalqı yatmamışdı ki? Azərbaycan xalqı sadəcə, Budda təliminə uyğunlaşdırsaq nirvana vəziyyətindədir. Həm yatıq, həm də oyanıqdır. Xalq hər şeyi çox yaxşı görür. Azərbaycan xalqı Qarabağ faciəsi fonunda şok sarsıntı yaşayıb. Torpaq itkisi, qaçqın problemi və.s. Təlatüm baş verərsə, böyük bir itkilərə məruz qalacağının stresini yaşayır. Xalq iqtidarın bütün ərköyünlüklərinə, ədalətsizliklərə dözür. Xalq sadəcə istəyir ki, elementar ədalətli mühit yaransın. İnsanlarr heç bir sahədə təşəbbüskarlıq göstərə bilmir. Məsələn, sən iqtisadiyyatın yolunu bağlayırsan, heç kim heç bir sahəyə girib təşəbbüskarlıq göstərə bilmir. Özü üçün hər hansı sahədə iqtisadi iş görəcəm deyə, fəaliyyət düşünə bilmir. Belə bir ölkədə təkcə siyasiləşmiş insanların yolu bağlanmayıb. Bələdiyyəyə, parlamentə gəlmək imkanları da yoxdur. Bunlar bağlıdırsa, heç olmasa iqtisadiyyatın önü açılmalıdır . Ən az özünün maddi rifahını , ailəsinin dolanışığını normal təmin edə bilsin. Bunu da inhisarçlığın əlində boğanda artıq bütün kütlə siyasiləşmiş olur. Bu da təhlükəlidir. İnsanların bütün təbəqələrinin siyasətə bulaşması o ölkənin faciəsi deməkdir. Siyasətə epizodik bulaşma ola bilər. Yəni seçki dövründə insanlar siyasətin içində olurlar. Bu daimi olanda artıq siyasət peşəkarlıqdan çıxır. Siyasət hamının məşğul olduğu bir sahəyə çevrilir. Bu zaman ağıllı qərarlar qəbul etmək imkanları olmur. Siz diqqət etsəniz görərsiniz ki, bizdə epizodik emosionallıq var. Bir gün içində ya həll olunmalı , ya da oyanlıq bu yanlıq olmalıdır. İsmayıllı bir günün içində qalxdı, bir günün də içində söndü. Quba bir gün də qalxdı, 3 saata söndü. Müharibə vaxtı bir il səngərdə oturduq. Dedik ki, artıq yekunlaşıb. Çəkildik. Bu məsələlərdə davamlı inancı olmayan bir cəmiyyət olduğuna görə bu emosiyaların bir dəfə partlaması ölkə üçün böyük təhlükəyə gətirb çıxarar. Çalışmalıyıq ki, əhalinin marağına uyğun olan bir addımlar ataq. Dövlət göstərməlidir ki, o tək icra başçısının dövləti deyil, həm də xalqın dövlətidir. Bunu göstərə bilməməyin başqa izahı yoxdur. Ekstermis adını qoy, yola gəlməz, narkoman adını qoy, nə ad qoyursansa qoy bunların cəmiyyətdə inandırıcılığı olmayacaq.

- Xalqın bir qədər proseslərə biganə qalması, bir növ qorxması sistemin yaratdığı siyasətin nəticəsi ola bilərmi?
- Bilirsiniz, bundan da güclü ideoloji sistemlər olub ki, insanlar eyni paltar geyməyə, eyni cür davranmağa, eyni məktəbdə oxumağa məcbur ediliblər. Bu xalq yaxşı-pis kapitalizmin rəngarəngliyi içindədir. Bu rəngarəngliyin içində interneti, mediası müəyyən müxalif fikirlərin səslənməsi də var. Məhdudlaşma da var. Yeganə ölkədir ki, hakimiyyət müxalifət mətbuatına həm də pul verir. Tam totalitar bir sistem olsaydı, bunu etməyə də bilərdi. Təbii ki, bu gözdən pərdə asmaq kimi , xarici hesabatlarda Azərbaycanın mediaya qayğı göstərməsi ilə də bağlı ola bilər. Məncə, bu hakimiyyətin yaratdığı qorxu məsələsi deyil. Buna cəmiyyətin yeni bir itkilərlə üzləşmə qorxusu ilə başlayan proseslər kimi yanaşmaq lazımdır. Cəmiyyət təlatüm istəmir. Dəyişiklik istəyir. Siyasi hakimiyyətə güvən qalmayıb. Bu sistemin ideoloji postulatları yox dərəcəsindədir. Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvüdür. Hər şeyi ağ etmək imkanına malik deyil. Yuxarıdan islahat başlaması Azərbaycanın qazancı olar. Bu gedişlə kütlə iğtişaşı başlaya bilər.

- İsmayıılı hadisələri oranın əhalisinə müsbət təsir edən nəticəsinin olması mümkündürmü?
- Yox, indiki şərtlərdə nəticə olmayacaq. Xalqın hər bir çağırışına hər hansı məmurun gizlədilməsi, ört-basdır edilməsi xətti yürüdülürsə, nəticə olmayacaq. Demək İsmayıllı hadisələri çoxalmalıdır ki, nəticə çıxarılsın. Halbuki ağıllı düşünən iqtidar təmsilçiləri bunun çoxalmasını gözləməməlidir. Quba məsələsində insanları haqsız çıxarıb icra başçısını haqlı çıxardılar. Burada da eyni addım atılır. Mütəq bu çağırışa obyektiv hüquqi cavab verilməli idi. Günahkarlar varsa, bunun ədalətli şəkildə cəzalandırılmasına nə çətinlik var? Özünə arxayınçılıq o qədərdir ki, güman etmirəm ki, nəticə çıxarılsın. Azərbaycanda hadisələr pisləşməyə doğru gedəcəkdir. Avropa məkanında da Azərbaycana qarşı təzyiqlər o qədərdir ki. Müəyyən bir şeyləri durdurmaq olur. Amma axıra qədər bunu etmək mümkün olmur. Vətəndaşı dinləməsələr, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bunun nümunələri Liviyada, Suriyada yaşanır.

- AŞPA-dan söz düşmüşkən, Ştrasser məğubiyyətə layiq idimi?
- Tam səmimi deyirəm . Avropa dairələrinin münasibəti Azərbaycanda demokratikləşmə, insan haqlarının narahatçılığı məsələsi deyil. Hansısa bir vasitə ilə Azərbaycanı basqı altında saxlamaq məsələsidir. Son hədəf də həqiqətən də Azərbaycanla Ermənistan arasında balansın dəyişməsi məsələsidir. Azərbaycan təzyiq altında, müxtəlif qətnamələrin sıxıntısı halında, amma Ermənistan mükafatlanır. Sanki Ermənistanda demokratik bir cəmiyyət mövcuddur. Bu məsələdə inandırıcılıq yoxdur ki, həbsdə yatan insanların və ya sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə çalışılır. Bunun yolları var. Azərbaycan hakimiyyəti ilə kim əməkdaşlığı kəsib? Hamı istəyir ki, neftdən bəlli bir payını alsın, müəyyən layihələri həyata keçirsin. Bu layihələrdə bəli bir güzəştin əldə edilməsi üçün müəyyən addımlar atılır. 2003-cü ildə ən çox Azərbaycana qarşı fəallıq göstərən Norveç idi. Hanı bəs nəticəsi? Azərbaycanda insan haqları qaydasına düşdümü? Niyə Norveçin həmin təzyiqi indi yoxdur? Çünki hamı payını alandan sonra geri çəkilir. Ona görə də Azərbaycan hakimiyyəti də çox gözəl bilir ki, onlar nə istəyirlər, nə istədiklərini lazımı səviyyədə verəndən sonra hər şey qaydasına düşür. Çünki Avropa Şərq ölkəsinin mədəni sivil səviyyə gəlməsində maraqlı deyil. Maraqlıdırlarsa, buyursunlar Qarabağ probelmini çözsünlər. İşğalçı ölkəyə desinlər ki, sən bizim parlamentdə otura bilməzsən. Bu ciddi məsələ deyil. Azərbaycanda da müxalifət bu illuziyaya qapanıb. Çünki daxili resurslar yoxdur. Hakimiyyət müəyyən dərəcədə gücə çevrilə biləcək hər hansı müxalifət saxlamayıb. Müxalifətin çərçivəsinə də insanlar isti yanaşmırlar. Orada ən çox militan, ancaq bir lideri sevən psixi cəhətdən ona bağlı olan, amma onun həqiqət dediyini-demədiyini tartışmayan insanlardan kənardadırlar. Azərbaycan Avropa Şurasına daxil olub. Amma həmin həbslər, həmin problemlər yenə də qalıb. Əvvəllər yenə müxalifətin qərargahı, fəaliyyəti var idi. İndi o da yoxdur. Vəziyyət pisliyə doğru gedib. Niyə xarici ölkələr bəs təzyiq göstərə bilmirlər? Çünki hamının göstərdiyi təzyiq iqtisadi və təhlükəsizlik maraqları ilə bağlıdır. Qalanlar boş söhbətlərdir. Mən bəzən internetden izləyirəm ki, onları ən çox qızışdıran nədir? Hamı qeyri-müəyyən insanların əli ilə özlərinə məxsus olmayan fikirləri yox, başqalarının onu tərifləyib tərifləməyəcəyi ilə bağlı siyasət qururlar. Əslində bundan imtina etmək lazımdır. Mən niyə başqasının düşüncəsi üzrə hərəkət etməliyəm? Real yolları axtarıb tapmaq lazımdır. Elşad Abdullayev bir videosu ilə çalxalanma yaratdı. Amma 20 ildir ki, müxalifət bu çalxalanmanı yarada bilmir. Çünki ağlınızı işlədə bilmirsiz. Ağlı işlədə bilmirsinizsə, söyməklə, sən məndən niyə qabağa çıxdın, sən parlamentdə niyə oturdun, və s. niyə deyirlsiniz? Mən parlamentdə oturmasaydım, sən daha ağıllı yol tapacaqdın? Əksinə, bu bizim axtardığımız yoldur ki, heç olmasa parlament müstəvində ölkədə bir dialoq mühiti yaratmağa nail olaq. Nail ola bilməmişiksə, bu iqtidarın günahıdır. Amma səylərimizi dayandırmırıq ki.

- Bir xarici ekspertin fikrini oxumuşdum. Qeyd edirdi ki, Azərbaycanda inqilab mərkəzdən yox, bölgələrdən başlayacaq, sonda isə mərkəzdə tamamlanacaq.
- Əslində bizə elə gəlir ki, başımızı soxmuşuq kolun arasına heç kim bizi görmür. Amma çox yaxşı görünürük. Bizdə nə baş verə biləcəyini ehtimal etmək çətin deyil. Sadəcə, nə vaxt baş verəcəyini bir az proqnozlaşdırmaq olmaz. Amma gedişat nə deyir? İnsanı ac saxlayırsan, rayon 5 nəfərin əlində, kişilərin böyük əksəriyyəti kəndı tərk edib Rusiyaya gedib. Bir çox şeylər var ki, bunun izahı yoxdur. Məsələn, Cəlilabadın, Tərtərin kəndlərində qaz yoxdur. Gedirsən, evdə su da yoxdur. Mən bilirəm ki, ən ucqar kəndlərdə insanlar suyu pulla alırlar. 21-ci əsrdir. Hardasa, Çin səddinə bənzər sədd çəkməklə nəyinsə dəyişdiyini göstərmək olmaz ki. Bu qədər hasarlara mənasız xərc çəkməklə itirdiyiniz vaxtda insanı yaşatmaq barədə düşünmək lazımdır. Adi bir qanunu sənədi belə millət vəkili olaraq yüz dəfə zəng edəndən sonra birtəhər sənə verirlər. Gör onda vətəndaş nə əziyyət çəkir.

- Fazil bəy, dünyada tanınan bir sıra müsəlman təşkilatları var. Onların Azərbaycanın daxili siyasətinə təsir etmək imkanları realdırmı?
- Onların təsir etmək imkanları böyük deyil. Azərbaycan cəmiyyəti siyasətdə olduğu kimi, dində də mütləq mənada səmimi olan cəmiyyət deyil. Yeni sağlam gənclik yetişir. Onlar dini bilimsəl əsaslarla anlayan, dinin baş yarmadan, mövhümatdan, nəzir yığmaqdan ibarət olmadığını anlayan, radikallaşmağa meyl etməyən, müəyyən dərəcədə şalvarın balağını qısaldıb saqqalı uzatmaqla dini gözə soxmayan, ağıllı dindar kəsim ölkəmizdə yetişməkdədir. Xaricdən daha çox təbliğ olunan barışmaz, aqressiv İslam modelidir. Bu Azərbaycanın işinə yaramaz. Azərbaycanda daha çox mülayim dini anlayış önə çıxmalıdır. Azərbaycan əhalisi tipik olaraq Avropa və Şərq dəyərlərinin sintezini tapmış əhalidir. Nə avropalaşa bilir, nə də şərqləşə. Bu spesifikliyi doğru qiymətləndirmək lazımdır. Müasirliklə geriçiliyin arasındadır. Biz onu müasirliyə doğru aparanda mütləq mənəvi sistemini dağıtmamalıyıq. Saldırqan üslub seçilməyən İslam anlayışına Azərbaycanda ehtiyac var. Hakimiyyət tərəfindən də bu istiqamətdə məhdudlaşdırıcı addımların atılması zərərə işləməyə başlayır. Mövhumat güclənir, bütrün hallarda məhdudiyyət qarşı tərəfdə nifrəti oyadır.

- İsa Qəmbərin ikinci Lənkəran səfəri və onu heç Masallı ərazisinə belə daxil olmağa əngəl yaradılması nədən xəbər verir? Hakimiyyət İsa Qəmbərdən qorxurmu?
- Bu heç bir mənası olmayan addım idi. Bunu kimlər düşünürsə, sadəcə reytinq qaldırmadan o tərəfə gedə bilmirlər. Göydəndüşmə piardır. Göydəndüşmə piarı da hakimiyyət müxalifətə verir ki, istifadə etsin. Azərbaycanda çevik, ağıllı qərarlar doğru yolları tapa bilən müxalifət yoxdur. Hakimiyətin bəxti bunda gətirib. Məsələn, beynəlxalq təşkilatlarda bu məsələ gündəmə gələ bilər ki, sabitlik deyilən bir anlayış varsa, bir müxalifət liderinə bölgəyə səfər edirsə və beş nəfər deyirsə ki, səni döyəcəyik, bu sabitliyin özü kölgə altına salır. Bir internet media vasitəsilə sən 4-5 milyon əhaliyə müraciət edə bilirsən. Sən guya 30 nəfərlə görüşsən, nə dəyişəcək? Bəzən o mitinqlərdən qorxurlar. Mitinqdə 5 min, 10 min tərəfdarına müraciət edirsən. Amma televiziyadan, internetden daha geniş kütləyə müraciət edə bilirsən. Ona görə də burax, mitinqini keçirsin. Onlar xalqını sevən insanlardır. Buraxın görüşsünlər. Sabah masa arxasında müxalifətlə oturacaqsan, xalqla yox. Bu olmayanda da radikal müxalifət daha aqressiv üsul seçməyə başlayır. Səfərin əngəlləməsini yanlış hesab edirəm. Bu o deməkdir ki, seçki prosesində heç kim heç kimlə görüşə bilməyəcək. Göstərirlər ki, icazə verməyəcəyik. Mən ümid edirəm ki, yaxın 2-3 ayda hakimiyyət siyasətində bir dönüş yaradacaq. Belə davam edə bilməz.

- Fazil bəy, seçki ərəfəsində analoji hadisə sizin də başınıza gələ bilərmi?
- Təbii, gələ bilər. Bu məsələlərdən kimsə suğortalanmayıb. Ölkədə problemlərin siyasi müstəvidə həllini hakimiyyət istəyirsə, bunun yolları doğru seçilməlidir. Bəzən şəhid aliləri adından istifadə olunur. Bunlar tamamilə yanlışdır. Guya ki, şəhid ailəsi belə istəyir? Onda şəhid ailəsi çoxlu pul, ev istəyir. Verin da. Həm də şəhid ailəsi adını ucuzlaşdırmağa məncə, getmək olmaz. Onun istədiyini verirsinizsə, o zaman istədiyi adamın yolda qabağını kəsə bilər. O zaman onu tutmayın da. Həbsxanada nə qədər cinayət törətmiş şəhid ailəsi varsa, buraxın. Çünki onu özü belə istəyib. Bunlar 21-ci əsrin yanaşması deyil.

- Seçkilərdə namizədliyinizi verəcəksiniz?
- Bu barədə partiyamızın qərarı var. Seçki situasiyasına görə qərarı həyata keçirməyi düşünəcəyik. Seçkilərdə iştirak etmək düşüncəsindəyəm. Niyə bu düşüncədəyəm? Ola bilsin ki, ölkədə proseslər olduğu kimi getsin. Hansısa dəyişikiliklər olmasın. Amma bizim Azərbaycanla bağlı tamamilə fərqli düşüncəmiz, baxışımız var. Mən özüm üçün Azərbaycanın gələcəyi ilə bağlı təsəvvürlərimi demək olar ki yekunlaşdırmışam. Nə qurulmalıdır, necə olmalıdır. Ona görə də bu seçkilərdə bunların paylaşılması üçün fikirləri vacib sayıram. Təbii ki, bizim addımlarımıza da mənfi münasibət bəsləyən insanlar var. Mən səmimi olaraq deyirəm ki, onlar məsuliyyətsiz insanlardır. Onların liderinin çevrəsində sən varsansa, deməli varsan. Yox müstəqilsənsə, yoxsan. Eyniylə hakimiyyətlə Azərbaycanın radikal müxalifəti totalitar düşüncəyə təqribən eyni paylaşılan səviyyədə sahibdir. İkisində də öz çevrəsinin hüdudlarından uzağı görmə məsafəsi yoxdur. Yaradıcı ideyalar ortaya qoya bilmirlər. Bir müxalifət lideri digəri ilə uzlaşmayana getməyəndə onu linç edirlər. Onlar artıq olur xalq düşməni. Hakimiyyət də eynidir. Hər günün vəziyyətinə görə də siyasət istehsal olunmalıdır. Ona görə də səhvlərini başqalarının üzərinə tökürlər. Hansısa cəbhəçi, müsavatçı məni söyməkdən həzz alır. Sənin liderin bacarıqsızdırsa, istedadsızdırsa, yol tapa bilmirsə, məni niyə söyürsən? Mənim öz təşkilatım üçün yol axtarıram. Mən BQP- nin missiyası, Azərbaycanın gələcəkdə necə idarə olunmasının yollarını axtarıram. Sənin liderin mitinqi, vaxtı, gücü düzgün təyin edə bilmirsə, səni həbsxanaya atırsa, bunun günahı məndə deyil ki. O boyda PKK adamlarını deyir ki sən həbsdə yat, ailənin bütün dolanışığını təmin edəcəyik. Sən isə həbsə düşən kimi başlayırsan təşkilatlara yalvarmağa ki , məni həbsdən qurtar. Qardaş, sən inqilabçısansa əgər niyə bunu edirsən? Adamlar hələ də başa düşə bilmir ki, filan ölkənin səfirliyi Azərbaycanla marağını təmin edibdir. Səfirliklər gedəndən sonra burada malları, mülkləri qalır. Sadəcə müxalifətin 10-15 faizinin etiraz gücü olmalıdır ki, sabah bəlli bir vədələşmədən qaçanda həmin səfirlərin üzərinə qalxsın ki, bu mal mülk məsələsini qaldıra bilərəm ki, sən mənim maraqlarımı pozmayasan. Bunu anlamağa nə çətinlik var? Hələ də ümid onadır ki, filan səfirlik bizi qurtaracaq, tutulsaq səfirlik bəyanat verəcək. Səfirliklə olsaydı, onda hakimiyyət heç kimi tutmazdı da. Amerika səfirinin sözü ilə hamını buraxırdı. Niyə buraxmır? Artıq realist siyasətə dönmək lazımdır. Bunu başa düşənlərə, qaraguruhçu şəkildə pozmağa çalışanlara yol verməyəcəyik.

- Blok şəklində seçkilərə qatılmağı düşünürsünüz?
- Prezident seçkiləri fərdi xarakter daşıyır. Burada blok yaratağın mənası yoxdur. Müstəqil şəkildə iştirak edəcəyik. Biz cəmiyyətdə abu-havanı düşüncəni dəyişməyə xeyli nail olacağıq. Fikircə, düşüncə ilə fərqli olan dostlarımız ola bilər. Onlarla bunu etmək çox çətin olar. Mənim demokratiyaya, siyasətə dinə baxışım başqalarından fərqlənir. Ona görə də bir neçə partiya ilə seçkiyə blok halında girməyə maraqlı deyiləm.

- Hazırda xalqın neçə faizi sizə səs verə bilər. Siz o dediyiniz inanclarınızı kütlələrə kifayət qədər çatdıra bilmisinizmi?

- Tamamilə maraqlı sualdır. Azərbaycanda cəmi 10 faiz siyasiləşmiş insan var. 90 faiz hələ qərarını verməmiş insanlardır. Hakimiyyəti sevməyən onu söyənin dalınca gedir, amma onu sevmir. Biz nə hakimiyyəti, nə də müxalifəti söymürük. Biz çağırırıq ki, əqli səlim bir yol var, ondan keçmək lazımdır. Acın, qəzəblinin xoşuna gəlmək üçün siyasət tətbiq edilməz. Bunun sonra içində özün də boğulursan. Biz xalq cəbhəsindən gəlmiş insanlarıq. Biz xalq cəbhəsində bu elektoratın basqısı altında boğulduq. Real siyasət apara bilmədik. Biz apardığımız siyasəti meydandakı insanın psixologiyasına uyğun ölçüb biçməli olduq. Onu ölçüb biçəndə mütləq İranla ,Rusiyaya ilə hansı üslub tutmalı olduğumuzu düşündük. Türkiyə ilə daha fərqli məsafə tutulmalı idi. Bu baxımdan bu siyasət girovuna çevrilirsən. Siyasətçilər girova çevrilməməli , realist olmalıdırlar. Bu baxımdan da cəmiyyətdə bizim tərəfdarımız çoxdur. Bir qismi sənə səs verməyə bilər. Çünki onlar hakimiyyətdən müəyyən qədər bəhrələnən, asılı olan insanlardır. Hakimiyyətin qalmağı müəyyən dərəcədə onlara sərf edir. Söhbət ondan gedir ki, biz fikircə yaxın insan kütləsini hazırlamağa çalışırıq. Buna addım-addım nail oluruq. Onun mənə səs verməsi önəmli deyil. Bu gün ən radikal cinahda olan insanlar belə yaxınlaşanda problemini sənə deyirlər. Deyirlər ki vəziyyət bu cürdür, başa düşürük, amma buradan gəlmişik deyə çıxa bilmirik. Bilirsənsə, doğru deyil amma görüntü üçün ordasansa, demək bu saxtakarlıqdır. Biz bu saxtakarlığın qəlibini atmışıq. Biz sərbəst, rahat şəkildə hakimiyyətə də öz tənqidimizi deyə biləcək mövqeyimizi qorumuşuq, görüntü üçün müxalifətçilik etmək niyyətini də ortaya qoymuruq. Mən onlarla adam tanıyıram ki, hakimiyyətlə iş birliyi üçün hər yola gedir. Biz heç o proseslərin içində yoxuq. Amma bir məclisdə oturanda mənə irad bildirir ki, sən parlamentdə təmsil olunmusan. Halbuki bu parlamentdə təmsil olunmaq üçün hər cür hoqqadan keçdiyini mən bilirəm. Bizim sizin qarşınızda vədimiz yoxdur axı. Mən kimisə vəd verməmişəm ki, parlamentdə təmsil olunmayacam. Vəd verəndə getmirlər. Məsələn, vəd verən Lalə Şövkət Hacıyeva kişi qızı kimi demişdi ki, parlament seçkilərinin həqiqiliyini qəbul etməsəm, mandatımı qoyacam. Bu axmaqlar, geri zəkalılar elə başa düşürlər ki, mən onların ürəyindən keçənləri yerinə yetirməliyəm. Biz real çıxışlarımızla siyasət aparırıq. Bu dəstəyi də indidən hiss edirik.

- Son olaraq, 2013- cü il seçkilərindən hakimiyyət dəyişikliyi gözləyirsinizmi?
- Azərbaycanda məğlubiyyətlərin bir forması da hədəfin çox sərt və kompramissiz formada qoyulmasıdır. Hakimiyyəti dəyişmək hədəfdirmi? Bu hədəfi qoyan həm ABŞ, həm də Rusiyanın, o cümlədən başqa bölgələrin də tanıdığı dəstək verdiyi bir gücə çevrilməlidir. Bu gücə çevrilməsən, hansı güclə hakimiyyəti dəyişəcəksən? Xalqın iradəsi ilə dəyişirsənsə, xalqla da elə təmasın yoxdur. Xalq qəzəblidir. Bu insanlar sənin insanın deyil. Çünki fikircə sənin kimi düşünmürlər. Düşüncəsi sənlə bir olmayan insanları necə idarə edə bilərsən? Lap bir hərəkat başlasın , hamı sənin sözünü eşidəcəkmi? Yəni idarə edə bilməyəcəyin kütləni körükləməzlər. Hakimiyyəti dəyişmək hədəfindən daha çox hər zaman deyirəm ki, cəmiyyəti dəyişmək lazımdır. Hansı cəmiyyətlə hakimiyyətə gəlməkdən söhbət gedir. Bu cəmiyyətlə ən demokratik insan gəlsə belə, Əbülfəz Elçibəydən demokrat olmayacaqdınız ki? Qala bilmədi bir ildən artıq. Cəmiyyət qoymadı. Boş söhbətdir ki, Rusiya yıxdı onu. Əbülfəz Elçibəyi Azərbaycan cəmiyyəti yıxdı. Azərbaycan cəmiyyəti onun atdığı addımların laqeyd, lağlağı müşahidəçisi idi. Çünki qohumbazlıq, yerlibazlıq Azərbaycan cəmiyyətində ədalət hüquq duyğusundan daha üstündür. Ona görə də bu gün yüz həqiqət söylə, adam öz liderinin dediyindən başqasını qəbul etmək istəmir. Hakimiyyəti məcbur etmək lazımdır ki, islahatlara getsin. İndeks daha çox buna yönəlməlidir. Hakimiyyəti dəyişmək üçün Azərbaycan kimi ölkələrdə beynəlxalq konjektura da əhəmiyyət daşıyır. Suriyada hakimiyyəti dəyişmək üçün bütün müxalifət ayağa qalxıb. O cümlədən Türkiyə. İki dövlət əl qoyub ki, dəyişə bilməyəcəksən, hələ də dəyişə bilmirlər. İki ildir qan tökülür. Siz Suriyamı etmək istəyisiniz Azərbaycanı? Buna getmək olmaz. Hədəfi gücünə görə müəyyən etmək lazımdır. Bir ziyalını mənasız yerə aeroportda saxladılar. Amma bir dənə forum bəyanat verdi bu haqda. Xalq etirazını bildirmədi. Sən arxandakı qüvvəni görmürsən? Təkcə qorxudan söhbət getmir ki. Cəmiyyət yeni dəyərlərə hazır olmalıdır ki, gələndə də hakimiyyətə normal baza olan xalqa dayanaraq demokratik cəmiyyət qura biləsən. Kim gəlməsindən asılı olmayaraq İran, Rusiya, Ermənistan təhlükəsi. Var. Bu təhlükələrin fonunda sən müstəqil siyasətmi izləyəsən? Yenə həmin Rusiyaya sən də əl açasan, İranla müəyyən uzlaşmalı siyasət aparacaqsan, yenə Ermənistanla masa arxasında oturasısan. İndidən bunu deyirsənsə ki, bunları etməyəcəm Sonradan edəndə nə deyəcəksən? Ona görə də realist siyasət aparmaq lazımdır. Mən hesab edirəm ki, bizim tutduğumuz yol yaxın zamanlarda çoxlarının qəbul eləyib izləmək istədiyi siyasət xətti olacaq

Günel Türksoy