Azərbaycan kişisi niyə sevə bilmir

azerbaycan-kisisi-niye-seve-bilmir
Oxunma sayı: 1058

Azərbaycan kişisinin sevgi problemi var, həm də çox böyük problemi. Lakin bu problem səbəbsiz deyil. Baxaq görək bu kişilər necə doğulur, necə böyüdülür və nəhayət, bu hala necə düşür?

Anadan olduğu ilk gündən qəddarca davranırıq oğlan uşaqları ilə. Heç vaxt rəngli, ürəkaçıcı geyimlər geydirmirik. Doğuşdan hüznlü olur onlar. Bildiyimiz bütün solğun rənglərin ən tünd tonları ilə “bəzəyirik” gələcəyin kişilərini. Zaman isə forma-məzmun məntiqi ilə onları görünüşünün ruh halına gətirib çıxarır.

Sonra onlarla daha qəddarca davranmağa başlayırıq. Oğlan uşaqları az öpülər, qızlara nisbətən daha az qucaqda oynadılır, axı o kişi olacaq! Onunla ifrat yumşaq və mehriban davranmaq olmaz! İlk anlayış dönəmlərində isə ağlamaqdan məhrum edirik: KİŞİ AĞLAMAZ! Bunu hansı axmaq düşünüb tapıb bilmirəm, amma tək bildiyim odur ki, göz yaşlarını qırtlaqlarında boğan kiçik insanlar duyğulu anlar yaşamaqdan məhrum edilərək daha qapalı və susqun vəziyyətə düşür. O ancaq hirsini, sinirini bəlli etmək üçün bağıra-hayqıra bilir. Sevgisini deyil!!!

Zamanla isə ictimai mühit onlara daha ağır davranacaq. İlk məktəb illərindən onlar bilir ki, erkən böyüməli, məcburən əsgər olmalı, oxuyub təhsilli olmalı, yaxşı pul qazanmalı və ailəyə yardım etməlidirlər. Siz heç Azərbaycanda dünya səyahətinə çıxmaq istəyən, rəssam, müəllim və ya fotoqraf olmaq istəyən, qısacası, az gəlirli bir peşəni arzulayan oğlan uşağı gördünüzmü? Şəxsən mən görmədim. Polis, həkim, ticarətçi olmaq istəyənlər isə kifayət qədər çoxdur.

Uşaqlıq arzuları böyüyüb pul qazana bilmək üzərində qurulan oğlan uşaqları həyatlarının ən böyük zərbəsini əsgərlikdə alır. Müharibə şəraitində yaşadığımız üçün məcburi əsgərliyi anlayışla qarşılamaq məcburiyyətindəyik. Amma nə yalan söyləyim, mən əsgərliyin kifayət qədər məsuliyyətli və sevgi tələb edən bir iş olduğunu düşündüyüm üçün professional hərbçilik tərəfdarıyam. Xaraktercə qorxaq, cəsarətsiz, məsuliyyətsiz, hətta vətənini sevməyən birisinin zorla vətən xidmətində dayandırılmasını və ya onu qorumasını anlaya bilmirəm. Əsgərlik şəraitinin də nə vəziyyətdə olduğunu bilirik, hamımızın ailəsindən əsgərlər olub və var. Hərbi sistemimizin bu vəziyyətində 18 yaşlı tam formalaşmamış, “ana quzusu” gənclərimizin psixoloji sarsıntı və zərbələrlə guya “kişilik məktəbi”ndən keçməli olmaları onlara təsirsiz ötüşə bilməz. Hər cür qəddarlıq və kobudluqlarla qarşılaşan, ya sinə gələn, ya da ki mənəvi cəhətdən qırılan oğlanlar geri dönüşlərində tam başqalaşırlar. Cəmiyyət isə daha çox itki verə bilməzdi. Bir məqamı unutmaq olmaz. Azərbaycan ordusu müvəqqəti də olsa məğlub vəziyyətdədir, qarşı tərəf qalib. Bizdən alıblar, yarımçıq olan bizik. Bu isə səngərdə dayanan bir gənc dəliqanlıya heç də müsbət təsir göstərə bilməz.

İllər keçir, zaman irəliləyir, bu oğlanların bir eşq – sevgi dönəmləri başlayır. Uşaqlıqda əzizlənməyən, peşəsini maddiyata görə seçib sevəmməyən, vətənini zorən qoruyan və əsgərliyin şiddətini həyatları boyunca unutmayan bir insan qadına yanaşmada duyğulu, sevgi yüklü və həssas ola bilmir. Bunu ən açıq şəkildə evlilik proqramlarında hiss etmək olur. “Ailədə neçə nəfərsiz?”, “Neçə bacı-qardaşın var?”, “Saç-göz rəgin necədr?”, “Boyun nə qədərdir?” və digər suallar ətrafında dönür ilkin tanışlıq kadrları. Hisslər, duyğular, anlayışlar, verə biləcəkləri və almaq istədikləri sevgi, güvən, qarşı tərəfin ruhsal çırpıntıları isə o qədər mənasızdır ki onlar üçün... Günahkar isə bizik!
Gördüyünüz hər oğlan uşağının yanağından öpün...