Azərbaycanlılar necə dilxor olur...

azerbaycanlilar-nece-dilxor-olur
Oxunma sayı: 653

Kiçik əl çantasını qoltuğuna vurub, yellənə-yellənə metronun “Azadlıq” stansiyasına çatdı. Kartını çıxarıb balansını yoxladı. Məlum oldu ki, balansında bir qəpik də pul yoxdur. Cibini eşələyib, 40 qəpik tapdı. Həmin pulu kartına yükləyəndən sonra sağdan ikinci aparata yaxınlaşdı. Kartı qırmızı lövhənin üzərində saxlasa da, yaşıl işıq yanmadı. Bu hərəkəti bir neçə dəfə təkrar etsə də, xeyri olmadı. Məcbur olub, kartını sol tərəfdəki aparata yaxınlaşdırdı. Aha, yaşıl işıq yandı! Amma sevinci uzun çəkmədi. Məlum oldu ki, əvvəlki aparat onun 20 qəpiyini silib. Bu barədə metro işçilərinə məlumat verəndə, nəzarətçi qadın az qaldı ki, onun gözlərini çıxarsın. Xeyli mübahisə etdilər. Bu xanımla bacarmayacağını görəndə, başını aşağı salıb, yoluna davam etdi. Arxadan nəzarətçi qadının səsi eşidildi: “Boynundakı qalstukdan utan, 20 qəpiyin söhbətini edirsən...” Əməlli-başlı dilxor oldu. Özünə söz verdi ki, Tağı Əhmədovu görəndə, həmin nəzarətçidən ona şikayət etsin.

İşə vaxtında çatdı. Baş redaktor əvvəlcədən müəyyənləşdirdiyi mövzuları müxbirlərin arasında böldü. Ona Aşıq Tellidən müsahibə götürmək həvalə olundu. Bloknotundan Tellinin nömrəsini tapıb, ona zəng etdi. Üçüncü zəngdən sonra aşığın tanış səsini eşitdi. Qəlbində sevinc hissi baş qaldırdı: “Nə yaxşı bu qızı tapa bildim...” Hal-əhval tutandan sonra müsahibə götürmək istədiyini bildirdi. Aşıq Tellinin səsi dərhal dəyişdi: “Nə soruşacaqsınız?” Ard-arda üç-dörd sual səsləndirdi. Müsahibi suallara sistemsiz cavab versə də, kefini pozmadı: “Onsuz da müsahibələrin çoxunu özüm yazıram. Təki danışsın, bir şey düzəldərəm”.

Aşıq Telli təxminən 10 dəqiqə danışandan sonra söhbətinə ara verdi. Dərhal dilləndi: “Telli xanım, təşəkkür edirəm. Əla müsahibə alınacaq”.

Aşıq Tellinin səsi yenə dəyişdi: “Nə danışırsınız? Heç nə yazmayın. Danışan Telli deyil, bacısıdır”.

Müsahibi telefonu onun üzünə qapatdı. Yenə dilxor oldu. Gözləri qeyri-ixtiyari olaraq, telefonun ekranına sataşdı: “Son istifadə: 70 qəpik”. Özünü saxlaya bilmədi: “Telli, sənin...” Sözünün davamını gətirmədi. Çünki tərbiyəsi buna imkan vermədi.

Nahardan sonra hamı baş redaktorun otağına yığışdı. Bu gün qonorar almalıydılar. Səhər evdən çıxanda arvadı ona uzun bir siyahı vermişdi. Amma baş redaktor pul verən adama oxşamırdı. Məlum oldu ki, “Qasid” firması onların pulunu köçürməyib. Baş redaktor dedi ki, yeni köşklər satdıqları qəzetlərin pulunu mənimsədikləri üçün redaksiyanın hesabında bir qəpik də yoxdur. Bu dəfə lap çox dilxor oldu. Bu gün qonorar ala bilməyəcəyinə əmin olandan sonra Aşıq Zülfiyyəyə zəng etmək üçün öz otağına qayıtdı.

Bir saat sonra həyat yoldaşı onu aradı. Arvadının adını telefonunun ekranında görəndə, üz-gözünü turşutdu: “Bu heç vaxt xeyirliyə zəng etməz. Görəsən, yenə nə baş verib?”

Proqnozu düz çıxdı. Arvadı dedi ki, qonşuları Ədalət müəllim rəhmətə gedib. Eşitdiyi bu xəbərdən dəhşətə gəldi. Dodağının altında öz-özünə mızıldandı: “Ədalət sakit adam idi. Həmişə işə yolun kənarı ilə gedirdi ki, maşın onu vurmasın. Görəsən, birdən-birə ona nə oldu?”

Arvadının cingiltili səsi az qaldı ki, qulağının pərdəsini deşsin: “Yenə yolun kənarı ilə gedirmiş. Təzə tikilən binadan başına daş düşüb”.

Öz-özünə deyindi: “Bu necə məmləkətdir? Adamın başına göydən daş yağır...” Sonra isə həyat yoldaşına tapşırdı ki, dərhal hüzr yerinə getsin. Özü isə icazə almaq üçün baş redaktorun kabinetinə yollandı.

Yas çadırı binanın arxasında qurulduğu üçün həyətdə heç kim gözə dəymirdi. Buna çox sevindi. Dərhal qarşı tərəfdəki marketə girib, həyat yoldaşının tapşırığını yerinə yetirmək istədi. Piştaxtaya göz gəzdirdiyi vaxt satıcı qadının qəzəbli səsi eşidildi: “Nisyə mal vermirik!” Üstündə cəmi 3 manat pul vardı. Nə qədər çalışsa da, satıcını yola gətirə bilmədi. Qadın dedi ki, qonşular borc dəftərini oğurladığı üçün bundan sonra heç kimə nisyə mal verməyəcək. Kor-peşman bayıra çıxdı. Həyat yoldaşının sifətini gözlərinin qabağına gətirəndə, yenidən qanı qaraldı. Pilləkənlərlə yaşadığı mənzilə qalxanda, dodağının altında eyni sözləri təkrarlayırdı: “Bax, əsl dilxorçuluq indi olacaq...”