Bəhram futbolçularımızı biabır elədi

behram-futbolcularimizi-biabir-eledi
Oxunma sayı: 946

Baş məşqçi Berti Foqtsu müdafiə edən Bəhram Bağırzadə futbolçuların ünvanına sərt ittihamlar səsləndirib.

“Foqts yığmada qalmalıdır, ancaq bu futbolçularla yox. Yığmanın, vətənin imicini bu şəkildə ləkələmək cinayətdi. Vətənpərvərlik hissi harada qaldı? Yığmada çıxış şedən futbolçu ilk növbədə valideyninə, daha sonra məhləsinə, nəhayət, vətəninə hörmət hissi olaraq şərəflə oynamalıdır. Valideyninə hörmətsizlik edənə mən dünəndən hörmət etmirəm. Qazaxıstana qarşı belə oynamaq olmaz. Bu azmış kimi, məğlubiyyətdən sonra heç nə olmamış kimi restorana gedib içki məclisi qurur, maşın alverindən danışırlar. Mən belə futbolçuları tanımıram. Belələrini dərhal yığmadadan sil-süpür etmək lazımdır.

Gənc nəslə güvənməli və onları ilk növbədə milli ruhda tərbiyə etməliyik. Məhlə-məhlə gəzib istedad axtarmalııyıq. Necə ki, o vaxt Anatoli Banişevskini Razindən, Ağasəlim Mircavadovu Sovetskidən, İqor Ponomaryovu Yasamaldan tapıb üzə çıxardılar. Özüm həndbolla məşğul olmuşam, yığmada çıxış etmişəm. Məni 189 saylı məktəbdən götürmüşdülər. Mən bu gün yığmadan Almaniya, Belçika, Avstriya kimi komandalardan xal almağı tələb etməliyəm, Qazaxıstandan yox. Almaniyanı deyə bilmirəm, ona görə ki, Berlin kinofestivalının mükafatçısı ola bilməmişəm. Mən MDB ölkələrinin yarışında qalib olmuşam. Bəzi futbolçularımız da “Birlik kuboku”nu qazanıb.

Yığma üzvlərindən də MDB təmsilçisini üstələməyi tələb etməyə haqqım çatır. Bizə bütün sahələrdə ölkəni təmsil edən hərtərəfli insanlar lazımdır. Daha savadsız, dil bilməyən futbolçular yox. Ölkə xaricinə gedib 10-15 gün orada qalan, ancaq kimsəylə bir kəlmə belə danışa bilməyib geri dönən, qayıdanda da bazar adamı kimi əlidolu gələn futbolçu yox. Bizə Eldarlar, Nigarlar lazımdır. Hansı ki, alman vətəndaşı ilə almanca, rusla rusca, ingilislə ingiliscə, türklə türkcə danışmaqla Avropanı heyran qoydular” - deyə B.Bağırzadə bildirib.

«Futbol+»