Bədii gimnastika üzrə millimiz İslamiadada qızıl medal qazandı - Yenilənib

Bədii gimnastika üzrə millimiz İslamiadada qızıl medal qazandı
Oxunma sayı: 756

Bədii gimnastlarımız Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi təsnifat yarışlarında çıxışlarını başa vurublar.

"Qafqazinfo" xəbər verir ki, son olaraq gimnastlarımız - Zöhrə Ağamirova və İlona Zeynalova lentlə proqramlarını təqdim ediblər. Z.Ağamirovanın çıxışı 31,200, İ.Zeynalovanın proqramı isə 30,400 xalla qiymətləndirilib.

Dörd hərəkətin cəmində, Azərbaycan millisi 252,300 xalla komanda yarışlarında birinci olub. Hesabında 248,500 xalla Özbəkistan ikinci, 240,100 xalla isə Qazaxıstan komandası üçüncü pillədə qərarlaşıblar.

Yarışda ölkəmiz üç gimnast – Z.Ağamirova, İ.Zeynalova və Alina Gözəlova ilə təmsil olunur.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

***

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadanın çoxnövçülük yarışlarında qızıl medal qazanıb.

Qrup hərəkətləri komandamızın 3 lent və 2 topla çıxışı 32,750, 5 halqa ilə proqramı isə 29,950 xalla qiymətləndirilib.

İki çıxışın cəmində 62,700 xal toplayan qrup hərəkətləri komandamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Özbəkistan 62,550 xalla gümüş, Qazaxıstan isə 53,750 xalla bürünc medala sahib olub.