Əli Kərimlinin Fransa ilə bağlı mövqeyi

eli-kerimlinin-fransa-ile-bagli-movqeyi
Oxunma sayı: 826

Qafqazinfo xəbər verir ki, bu sözləri "Azadlıq"a AXCP sədri Əli Kərimli Fransa parlamentinin "erməni soyqırımı"nın inkar edilməsinin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Əli Kərimli bildirib ki, bu qanunla Avropa konvensiyalarında təminat verilən ifadə azadlığı prinsipi kobud şəkildə məhdudlaşdırılır: "Bütövlükdə bu qanun Avropa məkanında ifadə azadlığı baxımından yaradılan olduqca neqativ bir presedentdir. Hesab edirəm ki, bu qanuna nəinki Türkiyə, Azərbaycan hökumətləri və cəmiyyətləri, o cümlədən Avropa strukturları və Fransanın vətəndaş cəmiyyəti də etiraz etməlidir. Heç şübhəsiz ki, bu qanun Senat tərəfindən təsdiqlənərsə, Fransanın özü üçün də müəyyən fəsadlar yaradacaq".

AXCP sədrinin fikrincə, Azərbaycan bu addımı birmənalı olaraq pisləməlidir: "Həm hökumət, həm də bütövlükdə cəmiyyət bu qanuna etiraz etməlidir. Azərbaycan və Türkiyə təkcə dost qardaş deyillər, həm də strateji müttəfiqdirlər. Belə məqamlarda strateji əməkdaşlıq şurası toplanmalı, birlikdə elə tədbirlər nəzərə alınmalıdır ki, Fransa parlamentinin yuxarı palatası - Senat əmin olsun ki, bu səhvi düzəltmək Fransanın milli maraqlarına uyğundur. Bu qanun yalnız türkləri, azərbaycanlıları aşağılamayacaq. Eyni zamanda Fransanın iqtisadi, siyasi, geopolitik maraqlarına da zərbə vurmuş olacaq. Buna Fransa Senatını inandırmaqdan ötrü təcili olaraq, heç bir tərəddüd etmədən Türkiyə və Azərbaycan hakimiyyətləri birlikdə, koordinasiya olunmuş şəkildə qəti addımlar atmalıdırlar. Eyni zamanda demokratik Avropa ictimaiyyəti, Fransa ictimaiyyəti, dünya azad mətbuatı və dünya qeyri-hökumət təşkilatları şəbəkəsi ilə məqsədyönlü iş aparılmalıdır. Fransa hakimiyyəti seçki maraqlarına görə bütövlükdə Avropaya, Avropa dəyərlərinə yaraşamayan belə hərəkətdən çəkinməlidir".