Bu axşam Heydər Əliyev Mərkəzində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ICESCO və BMT-nin Turizm Təşkilatının tərəfdaşlığı ilə təşkil olunub.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gələn qonaqlar və mədəniyyət xadimləri iştirak ediblər.
Çıxışlarda forum çərçivəsində təşkil olunan panel müzakirələri və plenar sessiyaların beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal sülhün və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, dünyada artan gərginliklər və ideoloji fikir ayrılıqları fonunda Azərbaycanın ev sahibliyi etdiyi forum müxtəlif sivilizasiyalar arasında dialoqun inkişafına, dini və mədəni müxtəlifliyin qorunmasına, xalqlar arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad tədbir çərçivəsində təşkil olunan “One Humanity Concert: Our Oldest Future” (One Humanity Konserti: Ən Qədim Gələcəyimiz) konsertinin ideyası və məzmunu barədə danışıb: “Bu konsert BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycanın Mədəniyyət Nazirliyinin birgə təqdimatı ilə ərsəyə gəlib. Proqramda iki böyük musiqi ustadı – Mstislav Rostropoviç və Pau Kazalsın irsi bir araya gətirilib. Onların sənədləşdirilmiş çıxışları və fikirləri audiovizual materiallar vasitəsilə yenidən canlandırılıb. Orkestrin canlı ifası isə bu dialoqun ayrılmaz hissəsinə çevrilib.
Bu axşam səhnəyə çıxan musiqiçilərdən bəziləri Rostropoviçdən dərs alıb, digərləri isə Kazalsın musiqi irsini yaşadırlar. Konsertin hazırlanmasında İspaniyadan olan yaradıcı komandanın da böyük əməyi var”. Mərasimdə çıxış edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos isə təşkilatçılığa görə təşəkkürünü bildirib: “Bu fürsətdən istifadə edərək Azərbaycanı, Prezident İlham Əliyevi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun son dərəcə uğurlu təşkili münasibətilə təbrik etmək istəyirəm. Azərbaycanın bütün komandasına təşəkkür edirəm. Gəlin, onların əməyini alqışlayaq. Bu xüsusi konsertin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Azərbaycan komandası, İspaniyadan olan yaradıcı heyət və mənim komandamla birlikdə çalışan insanlar bu ideyanın həyata keçirilməsində fəal iştirak ediblər. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda konsert təşkil etməli olduğumuz barədə hamımız həmfikir idik. Ancaq əsas sual bu idi: necə bir konsert təşkil etməliyik? Gənclərin rəqs edə, müasir ifadə vasitələri ilə sevinc və xoşbəxtliklərini bölüşə biləcəkləri bir konsert, yoxsa klassik musiqi konserti? Bu ideyanın yaranmasında əməyi olan Mark Bareyanı da xüsusi qeyd etmək istəyirəm. O, böyük violonçel ifaçısı və musiqiçi Pau Kazalsın anadan olmasının 150 illiyi münasibətilə bu ideyanı irəli sürən şəxslərdən biridir”.
Çıxışlardan sonra mərasim bədii proqramla davam edib. Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının oktyabrın 29-da Qarabağa səfəri nəzərdə tutulub.
Lamiyə Məmmədova




























