Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində Beyləqan RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qərbi Azərbaycan İcmasının rayon şöbəsinin sədri və üzvləri, Qərbi Azərbaycandan olan soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Heydər Əliyev mərkəzində davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Əziz Əzizov çıxışında bildirib ki, XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlı soydaşımızın öz doğma yurd-yuvasından zorla çıxarılması təkcə deportasiya deyil, həm də xalqımızın mədəni, tarixi və mənəvi izlərinin silinməsinə yönəlmiş sistemli bir siyasət idi. Bu ağır dövrdə azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsində Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyini xüsusi olaraq vurğulayan rayon rəhbəri hələ sovet hakimiyyəti dövründə belə, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına qarşı cəsarətlə çıxış etdiyini, onların hüquqi müdafiəsini vacib saydığını qeyd edib.
RİH başçısı əlavə edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması, zorla deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası və onların ləyaqətli şəkildə öz yurdlarına qayıdışı məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Əziz Əzizov təqdim edilən nəşrin həm tarixi faktların qorunması, həm də beynəlxalq ictimaiyyətə çağırış xarakteri daşıdığını bildirib və bu istiqamətdə göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü ifadə edib.
Tədbirdə çıxış edən Şahin İsmayılov “Qərbi Azərbaycan İrsi” kitabının əhəmiyyətinə toxunaraq vurğulayıb ki, bu nəşr Qərbi Azərbaycanda xalqımıza qarşı həyata keçirilən sistemli vandalizmin sənədlərlə təsbit olunmuş sübutudur. O bildirib ki, bu kimi əsərlər həm beynəlxalq ictimaiyyətin məlumatlandırılması, həm də gələcək nəsillərin maarifləndirilməsi baxımından əvəzsiz mənbədir.
Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Beyləqan rayon nümayəndəliyinin rəhbərliyi və üzvləri də çıxış edərək xalqımızın başına gətirilmiş deportasiya faciələrindən, bu proseslərin tarixi mərhələlərindən və o dövrün canlı şahidləri kimi şəxsən şahidi olduqları hadisələrdən danışıblar.








Son xəbərlər
Son Xəbərlər