Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Avrasiya.net-ə müsahibəsi:
- Azərbaycanın xarici siyasətini necə dəyərləndirirsiniz?
- Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən 20 il ərzində ölkəmizin bu dövrdə yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. İki onillikdə Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltdi və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu illər ərzində dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq yaratdıq, həmin qurumlara üzv olduq, NATO kimi mötəbər və qüdrətli qurumun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulduq, müxtəlif sahələrdə genişmiqyaslı tarixi uğurlara imza atdıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevrildi. Budur daha bir tarixi nailiyyət: Azərbaycan BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçildi.
Azərbaycanın həyata keçirdiyi xarici siyasətin istənilən istiqamətdə müvəffəqiyyətlə nəticələnməsinin bir sıra səbəbləri var. Təbii ki, bu səbəblər sırasında ilk yerdə müəyyən edilmiş siyasi kursun elmi şəkildə əsaslandırılması, yerli, regional və beynəlxalq reallıqların nəzərə alınması, dünyada gedən ictimai-siyasi proseslərin dərindən öyrənilməsidir. Müdrik şəxsiyyət Heydər Əliyev bu amilləri böyük ustalıqla, peşəkarcasına nəzərə almışdı. Ölkəmizin qazandığı diplomatik uğurların digər xüsusiyyətlərindən biri də Azərbaycanın bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi məkanda yerləşməsi və zəngin təbii sərvətlərə malik olmasıdır. Amma problemlər də var ki, bunun da aradan qaldırılması istiqamətində işlər aparılır.
- Azərbaycanın regionda balanslaşdırılmış siyasəti sizi qane edirmi?
- Azərbaycan regionda ən sabit, dinamik inkişaf edən, açıq və tolerant ölkədir və iqtisadi baxımdan yüksək templərlə inkişaf edir. Son 8 ildə Azərbaycanın regionda mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi də müşahidə olunmaqdadır və respublikamız dünya iqtisadiyyatına sıx inteqrasiya proseslərini sürətləndirməklə, eyni zamanda, tərəfdaş ölkələrin enerji təminatında mühüm yer tutaraq, onların yüksək etimadını qazanmaqla nüfuz sahibinə çevrilməkdədir. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın, ümumilikdə regionun lider ölkəsidir. Bu liderliyi əldə etməsində Azərbaycan dövlətinin verdiyi siyasi qərarlar da mühüm rol oynayır. Bu gün Azərbaycanın daha çox şansı var ki, regionun siyasi liderinə çevrilsin. Çünki Azərbaycanın təsir imkanları Cənubi Qafqazla məhdudlaşmır, regiondan çox kənarlara kimi genişlənir. BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə səsvermədə Azərbaycan Türkiyə və müsəlman ölkələrinin səsini gözlədiyi halda, Latın Amerikası ölkələri də səsini Azərbaycana verəcəyini bildirib. Bu Azərbaycanın siyasət sahəsində qazandığı uğurudur.
- Bu gün İctimai Palatanın vahid namizəd problemi də var…
- Hakimiyyətdə təmsil olunmayan qüvvələrin hamısı özünü müxalifətdə hesab edir. Amma gəlin görək müxalifətin birliyinə, onun inkişafına can atan insanlar varmı. Dəfələrlə demişəm, Azərbaycanda iki partiya müxalifəti inhisara alıb. Bu da ondan irəli gəlir ki, bu anlamdan qazanc əldə edirlər. Müxalifət adından istifadə edib bir sıra beynəlxalq təşkilatlardan qrant alırlar, xarici kəşfiyytların tapşırıqlarını yerinə yetirirlər. Daim bu düşərgədə qruplaşmalar olub, fikir ayrılığı yaranıb, münaqişələr baş verib. Bu günün özündə də müxalifət düşərgəsində vahid namizəd problıemi var. 6 ay əvvəl mən onlarla demişdim ki, əgər biz İctimai Palatada təmsil olunacağıqsa bu məsələlər nəzarətə alınmalıdır. Amma çox təəssüflər olsun ki, buna əməl olunmadı. İsa Qəmbər və Əli Kərimlinin yanında olan insanların əksəriyyəti həm hakimiyyədəki bəzi insanlarla işbirliyindədirlər, digərləri isə müəyyən xarici dövlətlərin kəşfiyyat orqanlarına işləyirlər. Bunlar açılır və bundan sonra da açılacaq. Onlar elə fikirləşirlər ki, onlardan başqa Azərbaycanı gələcəkdə idarə edə biləcək insanlar yoxdur. Biz hakimiyyətdə olmuş insanlar kimi onların nəyə qadir olduqlarını çox gözəl dərk edirik. Bildiniz də Arif Hacılı həbsxanadan hansı şərtlərlə çıxdı. Bunu bilməyən özünü siyasətçi adlandırmasın. Arif Hacılı Binəqədi rayon icra hakimiyyətinin keçmiş başçısının bağında kimə verdiyi sözlər və onun müqabilində iki qardaşının hər birinə Bakının mərkəzində 3 otaqlı evin verilməsi və s. müxalifət demək deyil. Belə insanları seçkidən-seçkiyə bu günə salıblar. İndi Arif Hacılı deyir ki, mənim namizədim İsa Qəmbərdir. Digər tərəf isə deyir ki, yox prezidentliyə namizəd Əli Kərimlidir. İctimai Palatada olan dostlarım da mənə deyirlər ki, biz də quruyub qalmışıq ki, onlar nə oyunlardır başımıza açırlar. Ona görə də bunların birliyi mümkün olan şey deyil. Üstəlik onlar xarici dövlətlər qarşısında öhdəliklər götürüblər. Bu insanların xarici dövlətlərdə geniş biznes şəbəkələri var. Övladları eyş-işrət içində yaşayırlar. Nəyin hesabına? Əlbəttə ki siyasi maxinasiyaların hesabına. Bu insanların başqa yerlərdən gəlirləri yoxdursa bəs bu qədər pulu haradan əldə edirlər. Avropada ermənilərin kanalına 1 milyon evro köçürürlər. Bu elə-belə başa gəlmir. Bu günədək İctimai palata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi fikir ortaya qoymayıb. Biz dəfələrlə onlara demişik ki, gəlin milləti maraqlandıran məsələri müzakirə edək. Amma etmirlər. Biri belə deyir, o birisi elə. Onlar ictimaiyyət arasında son şanslarını itiriblər, amma hələ də siyasi meydanı tərk etməyiblər. Xoşluqla getməsələr mən onları döyə-döyə yola salacam. Onlarla bağlı əlimdə çox ilginc məlumatlar var. Bundan başqa bu insanların Avropanın müxtəlif dövlətlərindəki erməni diasporası ilə sıx əlaqələri var.
- Növbəti prezident seçkilərində də namizədliyinizi vermək fikrindəsiz?
- Ötən seçkilərdə də Azərbaycan xalqına və dövlətçiliyinə xəyanət edən qüvvələrə qarşı çıxdım. Mənim açıqlamalarımdan sonra iki nazir həbs olundu, biri ölkədən qaçdı. İqtisadi inkişaf naziri vəzifəsi ilə vidalaşmalı oldu. O cümlədən radikal müxalifətə imkan vermədik ki, təxribatlarını həyata keçirsin. Bu seçkilərdə isə böyük proqramla iştirak edəcəyik. Mən indidən deyə bilmərəm ki, hansı istiqamətdə hərəkət edəcəyik. Hadisələrin necə inkişaf edəcəyini gözləməliyik və buna uyğun addım atmalıyıq. Mən Azərbaycan dövlətçiliyinin yanındayam. Kim bu dövlətçiliyi müdafiə edəcəksə, onun yanındayam. Müdafiə etməyəcəksə, ona qarşı mübarizə aparacağam. Azərbaycan xalqı müdrik xalqdır, kimin, hansı qüvvənin nə deməsindən, nə vəd verməsindən asılı olmayaraq öz seçimini edir. Prezidentliyə namizədliyim qeydiyyata alındıqdan sonra ölkənin tanınmış ziyalıları ilə bu məsələni müzakirə edib hədəflərimizi müəyyənləşdirəcəyik. Biz əvvəlcə seçkilərin demokratik keçirilməsinə çalışmalıyıq. Namizədlərin televiziyalarda çıxışlarının vaxtının uzadılmasına nail olmalıyıq. Azərbaycan müxalifəti ölkədə seçki sisteminin təkmilləşdirilməsinə, seçkilərin demokratik keçirilməsinin təminatına çalışmalıdır. Seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq onun əlini sıxıb təbrik etmək mədəniyyətini göstərməliyik. Biz ciddi şəkildə təşkilatlanırıq və qarşıımıza qoyduğumuz hədəfləri düzgün müəyyənləşdirmişik.
- Bu gün AŞPA-da siyasi məhbus oyununu da ortaya atıblar…
- Onlar niyə bir dəfə Ermənistandan, Dağlıq Qarabağdan qaçqın düşən insanların taleyi ilə maraqlanmayıblar. Kimi deyiblərsə azad ediblər. Bilirsiniz Azərbaycanda siyasi məhbus yoxdur və ümumiyyətlə bu anlayışın özü düzgün deyil. Mənə də o vaxtları tutulanda siyasi məhbus adı vermişdilər. Əmim oğlu Bəxtiyar Hacıyev də tutulmuşdu. Hərbi xidmətə getsəydi tutulmazdı. Cinayət törədən şəxslər qanunda nəzərdə tutulan konkret maddələrlə məsuliyyətə cəlb olunurlar və məhkəmə prosesində həmin şəxslərin cinayət əməlləri öz təsdiqini də tapır. Bu gün siyasi məhbus məsələsi ilə Azərbaycanda spikulyasiya edən adamlar var və məhkəmələrin məlum qərarlarına, insanın konkret cinayət törətməsinə baxmayaraq, həmin addan sui-istifadə etməyə çalışırlar. Siyasi məhbus oyunu Azərbaycana bir təzyiq formasıdır. AŞPA-da bir iki adam var ki, antiAzərbaycan siyasət yürüdür və Azərbaycandan umduğunu ala bilmədiyindən bu oyunları ortaya atırlar. Sahibkarın mağazasını talan edib tutulana da siyasi məhbus damğası vurular. Bu spikulyasiyadır. Bir neçə QHT sədri var ki, AŞPA-ya göndərdikləri siyahıların müqabilində pul alırlar. Məruzəçi Kristofer Ştrasser də bunların çaldığı ilə oynayır. /Avrasiya.org/