Xırdalanın Osman Sarıvəlli küçəsindəki istifadəsiz dirək vətəndaşlar üçün təhlükə yaradır.
Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, dirək tamamilə istifadəyə yararsız olsa da, aidiyyəti dövlət qurumları onu ərazidən yığışdırmağı düşünmürlər: “Dəmir dirəyin aşağı hissəsi əzilib və yuxarı tərəfi əyilib. Hər gün buradan keçirik, uşaqlarımız küçədə oynayırlar. Bu kiminsə övladının, avtomobilinin və ya evinin üstünə düşə bilər. Bilmirik bununla bağlı hara müraciət edək. Heç işıq, rabitə dirəyi olub-olmadığı haqda da məlumatımız yoxdur.
Bundan başqa, ərazidən xeyli sayda elektrik kabelləri keçir. Həmin dirək onlara toxunub bədbəxt hadisəyə səbəb ola bilər”.
Problemlə bağlı “Azərişıq” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik, qurumlardan sözügedən dirəyin onlara aid olmadığı bildirildi.