Binəqədidə içməli sudan qanunsuz istifadənin qarşısı alındı - Video

bineqedide-icmeli-sudan-qanunsuz-istifadenin-qarsisi-alindi
Oxunma sayı: 1256

Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, nəzarət tədbirləri zamanı Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən və bir sahibkara məxsus un məmulatları təndir, “Ekonom” market, təkər təmiri, əlvan metal qəbulu, heyvan saxlama məntəqələrində sudan qanunsuz istifadə halları aşkarlanıb. Belə ki, bu obyektlərin sahibi texniki şərt almadan, müqavilə bağlamadan qeyri-qanuni şəkildə yaxınlıqdan keçən 1400 mm diametrli magistral su kəmərinə qoşulma verərək içməli sudan qanunsuz şəkildə istifadə edib. Nəzarət tədbirləri zamanı məlum olub ki, həmin obyektlərin arxasında yerləşən 13 həyət evi üçün həmin magistral su kəmərindən özbaşına birləşmə verilib. 

8-ci mikrorayon yaşayış massivi, Süleyman Sani Axundov 5B ünvanında yerləşən “Kababçı” və  “Çayxana”da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Həyata keçirilən araşdırma zamanı, Seyid Cəfər Pişəvəri küçəsi 1 ünvanında yerləşən hovuz avadanlıqlarının satışı məntəqəsində sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi sayğacdankənar xətt çəkərək içməli sudan qeyri-qanuni istifadəni davam etdirib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 12219, Binəqədi rayonunda isə 2337 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.