“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” - Fotolar

bir-kisi-ile-goruse-gedende-gizli-xidmete-melumat-verirem
Oxunma sayı: 12754

ABŞ Prezidenti Donald Trampın 19 yaşlı nəvəsi Kai Tramp müsahibəsində şəxsi həyatı və daimi təhlükəsizlik nəzarəti altında yaşamasının çətinliklərindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, gənc qolfçu “Gizli Xidmət”in 24 saatlıq müşayiətinin gündəlik həyatına, xüsusilə də sosial münasibətlərinə ciddi təsir göstərdiyini bildirib.

Kai Tramp görüşə gedərkən təhlükəsizlik əməkdaşlarının yaxınlıqda olmasının narahatlıq yaratdığını deyib:

“Bir kişi ilə görüşə gedəndə və “Gizli Xidmət” əməkdaşları arxanızdakı masada oturanda bu, həqiqətən qəribə olur”.

O, bu vəziyyətə uyğunlaşmağın asan olmadığını vurğulayıb:

“İlk bir neçə ay çox çətin idi. Kiminsə daim səni izləməsi asan deyil. Onların məni narahat etməməsi üçün çalışıram və sanki orada deyillərmiş kimi davranmağa çalışıram”.

K.Tramp müsahibəsində tanış olduğu insanlar haqqında təhlükəsizlik orqanlarını daim məlumatlandırdığını da açıqlayıb:

“Tanış olduğum insanlar barədə “Gizli Xidmət”ə mütəmadi olaraq məlumat verirəm”.

O, siyasətlə maraqlanmadığını bildirib, babasının keçmiş rəqibi Kamala Harris barədə də mülayim mövqe nümayiş etdirərək, siyasətdən uzaq durmağa üstünlük verdiyini deyib:

“Düzünü desəm, siyasətdən tamamilə uzaq dururam. Heç vaxt namizəd olmazdım və siyasətlə bağlı olmaq istəmirəm”.

Siyasəti “təhlükəli” adlandıran gənc qolfçu ifrat sağ və ifrat sol meyillərin cəmiyyətdə gərginlik yaratdığını, tərəflərin ortaq nöqtədə görüşməsinin daha sağlam olacağını bildirib.

Kai Tramp babası Donald Trampın üçüncü müddətə namizədliyi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, Tramp yenidən namizəd olmağı planlaşdırmır:

“O, üçüncü müddətə namizəd olmayacaq. Amma kim bilir, 2028-ci ilə qədər çox şey baş verə bilər”.