“Biz axı ən ciddi xəyanətkarları MN-dən uzaqlaşdırdıq, yenə də yeyinti var”

“Biz axı ən ciddi xəyanətkarları MN-dən uzaqlaşdırdıq, yenə də yeyinti var”
Oxunma sayı: 6639

“Hərbi qulluqçuların pensiyaları ayrıca qanunla tənzimlənsin”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. 

Deputat deyib ki, əmək pensiyaları əmək fəaliyyəti ilə məşğul olan insanlara aiddir: “Hərbçilər üçün ayrıca qanuna ehtiyac var. Əvvəllər Azərbaycanda belə bir ayrıca qanun olub. Lakin sonradan bu qanun “əmək pensiyaları haqqında” qanuna əlavə edilib. Hərbçilərimiz 59% dəyər itkisinə məruz qalırlar. Bu insanlar üçün aydın qaydalar olsun”. 

F.Mustafa Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadənin həbs edilməsi ilə bağlı məsələdən də danışıb: “Bu mənimsənən vəsait şəhidin qan puludur. Birinci hal deyil. Bundan əvvəl də Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı tutulanlar olub. Bu necə ola bilər? 

Biz axı ən ciddi xəyanətkarları Müdafiə Nazirliyindən uzaqlaşdırdıq. Yenə də yeyinti davam edir. Hərbi qulluqçularla bağlı bu məsələləri əlahiddə məsələ kimi qəbul edib müzakirəyə çıxarmalıyıq. Təklif edirəm ki, bu məsələyə bir də baxılsın. Sabah dinc dövr olarsa, müharibə şəraiti aradan qalxarsa, birləşdirilmə təmin edilər. Son hadisələr göstərdi ki, risk altında olan əsas təbəqə hərbçilərdir. Onların şəhadətini heç nə əvəz edə bilməz”.

Eldar Tanrıverdi