“Biz hamımız o orkestrə bənzəyirik” - Balakişi Qasımov

biz-hamimiz-o-orkestre-benzeyirik
Oxunma sayı: 2815

“Problem ondandır ki, bu gün televiziya anlamı dəyişib. Sizin aranızda gündə yarım saat televizora baxan çətin tapılar. Bizim vaxtımızda informasiyanı əldə etmək üçün evə gəlməli idin. İnsanlar həyat tərzlərini və planlarını televiziyaya görə qururdular. Elə filmlər və seriallar var idi ki, onların nümayişi zamanı küçələrdə adam olmurdu, hamı evdə oturub gözləyirdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İTV-nin baş direktoru Balakişi Qasımov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi“ qəzeti ilə birgə həyata keçirdiyi “Məktəbdə” layihəsində qonaq olarkən deyib.

O bildirib ki, indi zəmanə fərqlidir: “Hər insanın öz televizoru var: smartfon elə televizordur. İstədiyin verilişi və ya filmi “YouTube”dan izləyə bilərsən. Bu da bizim işimizi çətinləşdirir. Artıq bizim kanalın “YouTube” səhifəsinin bir milyondan yuxarı izləyicisi var. Bu günün göstəricilərinə görə, televiziyaya daha çox 45-50+ yaşlı insanlar, təqaüdçülər baxırlar. Onların daha çox vaxtı olur və izləyə bilirlər. Biz çalışırıq ki, gənclərə də maraqlı olacaq verilişlər istehsal edək”.

İTV rəhbəri televiziyanın gələcəyindən ümidsiz danışsa da, meydanda qalmaq üçün mübarizə apardıqlarını da bildirdi: “Bəlkə siz ali məktəbə qəbul olanda televiziya ümumiyyətlə olmayacaq. “Titanik” filminə yəqin hamınız baxmışınız: gəmi batanda artistlər musiqi ifa edirlər ki, təşviş olmasın, amma başa düşürlər ki, hamısı batacaq. Bununla belə, musiqini davam etdirirlər. Mən həmkarlara həmişə deyirəm ki, biz hamımız o orkestrə bənzəyirik. 5-10 ildən sonra hər şey tamam fərqli olacaq. Amma biz də davam edirik. Bizim əslində öz strategiyamız var. Fokusumuz daha çox sosial şəbəkələrdir. Vəzifəmiz ondan ibarət deyil ki, bizi dördbucaqlı cihazdan izləyəsiniz. Vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan dilində məlumat əldə etmək istəyən insanlara kontent hazırlayıb təqdim edək. Bizim üçün fərq etmir ki, tamaşaçı onu dördbucaqlı cihazdan və ya smartfondan izləsin. Ona görə digər kanallar olmayanda İTV “YouTube”da qalacaq. Bu gün meydanları yaradıb öz meydanında diskussiya aparmaq mübarizəsi gedir”.