“Biz tanrının kölələri deyilik...” - Şeir

biz-tanrinin-koleleri-deyilik-seir
Oxunma sayı: 863

suda boğulan adamın
saman çöpündən yapışdığını gördünmü heç?
mən yıxılan adamın havadan yapışdığını gördüm
evimizin dam örtüyünü vuran usta
bizim evimizi tikərkən, öz evini yıxmışdı
yıxılmışdı və ölmüşdü...
onda ilk dəfə uçan adam görmüşdüm
həm də ölən adam...
gözlərini yummadan ölmüşdü, Şəhriyar, yummadan...
bütün ölən adamlar, yəni dönməmək üzərə gedən adamlar
samandan ağır olanlar, havasız qalanlar,
bıçağa tuş gələnlər
yananlar, itənlər, qəzaya düşənlər
mənə evimizin damından yıxılan adamı xatırladır, Şəhriyar...
lütfən, qov onları yuxularımdan
həmin evdə illərlə bayramları qutladıq ,
doğum günlərimizi qeyd etdik
o, damından adam yıxılıb ölən evdə böyüdüm mən
lütfən, qov uşaqlığımı gözümün önündən, Şəhriyar...

***

eyni şəhərdə iki ayrı hücrədə yaşamaq
əslində yaşaya bilməmək,
səni sevən o qadını,
Eliziyanı xatırladır mənən tez-tez…
unuda bildimi görən, payız üzünü
unutdumu şabalıd qonuru gözünü?
…əllərini…
bilirmi görən, burda, bu buzxanada
səni necə qaynar sevdiyimi?
gəlişin nə möhtəşəmdi
Eliziyanı tərk edişin yəni…
yumruğun boydadımı sənində ürəyin?
qəzəbin boydadırmı?
bilirsən, dəniz qədər böyükdür
olmamağın…
eyni şəhərdə, iki ayrı hücrədə yaşamaq
əslində yaşaya bilməməkdi
tənginəfəs olmaqdı…
…həm də
yaşamaqdı
ondan getməyin,
mənə gəlməyin
… və məndə qalmaq istəyin

***

(Fuada)
yanılırsan, dostum
getmək üçün deyil bütün qapılar
ölüm xəbərləri üçün deyil, qəfil zənglər
qapımı açıb gələnim, qəfil bir zənglə
əvvəl susub, sonra “sevirəm” deyənim öyrətdi bunları mənə...
yanılırsan, dostum
biz tanrının kölələri deyilik... biz tanrının dostlarıyıq
göydəki kölgəsinin adı tanrı
məndəki kölgəsinin adı insan olan biri öyrətdi bunları mənə
yanılırsan, dostum
yumayacaq günahlarını içgi, azaltmayacaq kədərini sərxoşluq
yanılırsan...
həm də haqlısan...
bir az da getmək üçündür qapı
ölüm xəbəri üçündür qəfil zəng
köləsiyik tanrının
haqlısan, dostum...

***


Rafiq Tağıya...

Biz üç dost içib-içib ağladıq gecədən bəri
yemədik, yatmadıq
udum-udum hava diləndik, nəfəs diləndik
boğazımıza sarılan əllərdən
qopa bilmədik, bilmədik
evimizdəki bütün bıçaqları danladım səhərə qədər
olmaz, dedim
adamın ürəyinə batmaq olmaz dedim...
bütün əllərə nifrət elədim...
biz üç dost udum-udum hava diləndik, nəfəs diləndik
səhərə qədər
içib-içib ağladıq...
əşyaları yerə çırpdıq, ortalığı dağıtdıq.
bağırıdq
yorulduq
gözümüzdən yaş əvəzinə, qəzəb damladı
kürəyimiz ağrıdı səhərə qədər
sənə dəyən bıçaqların soyuğunu hiss etdik canımızda.
bu gecə içkilər daha acı oldu, siqaretlər daha çəkilməz...
çəkilməz oldu, başımızdan ağrılar, çəkilməz...