Bizə qəhrəman lazımdı?

bize-qehreman-lazimdi
Oxunma sayı: 768




Oktay Əsədov parlamentdə müzakirələrin gözünə Rafiq Əliyevin kafedra rəhbərliyindən azad olunmasını qatan deputatlarımızın sözünü kəsib deyib ki, bu haqda çox danışmaqla biz belə adamları qəhrəmanlara çeviririk.

Görəsən Oktay müəllimə gerçəkdən elə gəlir ki, bizim qəhrəmanlara ehtiyacımız yoxdur?

Məsələn, Binəqədi rayon sakinlərinin bir yaxşı qəhrəman deputata ehtiyacı var. Bir vəkil istəyirik gəlib maraqlansın bu rayonla. Necə ki, seçgiqabağı vəkilləri gəlirdi.

Bu mövzuda sorğuya gərək duyduq.

Müəllimdən soruşduq: bizə qəhrəman lazımdı?
Dedi: bizə qəhrəman lazımdı ki, düşsün öyrətmən ordusunun qabağına desin ki , maaşlarımızı artırın. Dərslikləri bərbad günə qoymayın, işə götürəndə diplomumuza-savadımıza baxın, cibimizə yox. Desin ki, ay nazir, “ hansı ağıllı adam 160 manata məktəb direktoru işləyər?” soruşursuz bu vurhavurda. Belə çıxır bütün direktorlar ağılsızlardı? Bə niyə onları işə götürürdüz?!

Həkimnən soruşduq: Bizə qəhrəman lazımdı? Dedi: bizə lazımdı. Çıxsın ortaya misirlilər Mübarəki devirən kimi devirsin səhiyyə nazirini. Desin bu qədər başdıbaşınalıq olmaz axı. Bir adamın güvəni qalmayıb bizə ölkədə.

Tamaşaçıdan soruşduq: Bizə qəhrəman lazımdı? Dedi : Vay, dad! Əlbəttə lazımdı. Bezdik axı. TV-lərdəki bu anlamsızlığa son verəcək bir adam olmalıdı ya yox.

Tələbədən soruşduq: Bizə qəhrəman lazımdı? Dedi : Eləə. Bir qəhrəman lazımdı gedək arxasınca səsimizi ucaldaq deyək bizə pulnan qiymət yazmayın, suyumuzu çıxardıb öyrədin. Stipendiyamızı da artırın ki, stimulumuz olsun dərs oxumağa.

Anadan soruşduq: Bizə qəhrəman lazımdı? Ana kövrəldi. Lazımdı bala. Bir qəhrəman lazımdı. Arxalanıb uşaqlarımızı əsgərə ürəklə göndərək, cəmiyyətə ürəklə buraxaq.

Atadan soruşduq. Lazımdı , dedi. Belimiz sınmasın, halal zəhmətimizlə ailə saxlayaq. Pul qazanıb evimizə aparaq. Gözü kölgəli qalmayaq.

Əsgərdən soruşduq: Dedi: bizə bir qəhrəman general lazımdı. Ona bənzəməyə çalışaq. Onun bir əmrinə şir ürəyinə dönsün ürəyimiz. Əsgərdə onurğamız əyilməsin, dikəlsin. Qürurla geyək o formanı. Xəstə, psixoz, gey kimi qayıtmayaq hərbi xidmətdən. Savaşa hazır qayıdaq. Nər kimi qayıdaq.

Aydından soruşduq: Dedi: Rafiq Əliyev hər yerdə və hər halıyla Rafiq Əliyevdi. Kafedralı- kafedrasız. Mirzəcanzadə də sağlığında yola getməzmiş Neft akademiyasının rəhbəriylə. Nə sirdirsə dünyanın sevə-sevə andığı alimlərlə yola getmirlər. Elə Neft Akademiyasına da bir qəhrəman lazımdı ki, Rafiqləri işdən çıxart deyənə “mən bunu edəmmərəm, al bu da mənim ərizəm” söyləsin.

Balaca vaxtı bizim də qəhrəmanlarımız vardı. Babək, Koröğlu. Sonra yoxa çıxdılar. İndi məlum olur ki, bizə Babək də lazım imiş, Koroğlu da.

Oxucularımız nə deyir bu işə? Bizə qəhrəman lazımdı?

Aysel Əlizadə