“Bizi işdən çıxarıb 6 aylıq maaşımızı vermirlər” - “Space”dən növbəti narazılıq

bizi-isden-cixarib-6-ayliq-maasimizi-vermirler
Oxunma sayı: 3224

“Space TV”nin keçmiş əməkdaşı, radio aparıcısı və prodüser Anar Nəbi sözügedən telekanaldan altı aylıq maaşını ala bilmədiyini deyir. 

Bu barədə “Qafqazinfo”ya müraciət edən A.Nəbinin sözlərinə görə, telekanaldan iyunun 21-də iki aylıq ödənişsiz məzuniyyətə göndərilmək adı ilə işdən çıxarılıb.

Şikayətçi bildirib ki, həmin ərəfədə “Space”dən onunla bərabər 13 nəfər məcburi işdən azad edilib: “Bizə dedilər ki, yeni mövsümdə sizi yenidən işə götürəcəyik, oktyabrın 15-nə kimi isə bütün maaşlarınız ödəniləcək. Bizi aldatdılar. Belə olmaz axı. Birinin evdə xəstəsi var, digərinin öz problemləri və sairə. Özüm I qrup gözdən əliləm. Şirkət tək mənə 6 aylıq maaşımı verməlidir, bu da ümumilikdə 1920 manat edir”.

Aparıcı əlavə edib ki, 2-3 aydan bir cəmi bir aylıq maaşları ödənilir: “Bunun da çoxu sosial ödənişlərə gedir. Çünki telekanal heç vaxt bu ödənişləri özü etməyib, hamısı cibimizdən çıxıb”.

8 il “Space TV”də çalışan A. Nəbi deyib ki, 20 ilə yaxın stajı olan əməkdaşlar da işdən çıxarılıb: “Şirkətin onlara olan borcu mənimkindən də çoxdur”.

Məsələ ilə bağlı “Space TV”nin prezidenti Müşfiq Hətəmovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, rəhbərliyə gəldiyi dövrdən bəri şirkətin heç bir əməkdaşına borcu yoxdur: “Köhnə borclara gəldikdə isə, bu, bizi də narahat edir. Onların bir qismini ödəmişik, qalan hissəsi də ödəniləcək”.

Əməkdaşların işdən çıxarılmasına münasibət bildirən Hətəmov deyib ki, bu, radioda gedən yenilənmələrlə əlaqədardır: “Radio yenidən qurulur. Hazırda efirdə yalnız musiqi və xəbərləri dinləmək mümkündür. Əməkdaşların işə qaytarılması məsələsinə yenidən baxılacaq”.  

Hüseyn Məmmədsalahov