Kilsənin bərpası birinci addımdır

kilsenin-berpasi-birinci-addimdir
Oxunma sayı: 714

Bir daha hər kəsin nəzərinə çatdırıram ki, Azərbaycan çoxmillətli ölkədir, bu göstərici ilə yalnız fəxr etmək olar. Digər Türk torpaqlarında olduğu kimi Azərbaycanda da bura pənah aparan, sığınacaq alan xalqlar tarix boyu əmin-amanlıq və sülh şəraitində yaşayıb. O cümlədən ermənilər digər Türk torpaqlarında olduğu kimi, Azərbaycanda da türklərin mərhəməti, böyüklüyü, humanistliyi sayəsində xoşbəxt həyat yaşayıb. Amma əfsuslar olsun ki, Azərbaycanda millətlərarası mehribançılığı həzm edə bilməyən və istədiyi zaman bunu etnik münaqişəyə çevirən qüvvələr də var və onların başında Kreml durur. Tarixçi alimlərimiz öz çıxışlarında Azərbaycana və azərbaycanlılara qarşı ermənilərin düşmənə çevrilməsini daimi müəllifi kimi Kremlin olduğunu vurğulayırlar. Hazırda yaşadığımız Qarabağ münaqişəsinin də müəllifi, sifarişçisi və böyük bir faiz hesabı ilə hətta icraçısı (məsələn, Qarbaçov, Vladimir Kazimirov, Yevgeni Primakov, Pavel Qraçov və başqalarının simasında) məhz Kremldir. Heç sözsüz ki, icraçılar sırasında Zori Balayanlar kimi xəstə daşnaklar da var. Bir çox hallarda isə vətəndaşlar Kremllə rus xalqını qarışdır ki, bu da yolverilməzdir. Qarabağ münaqişəsində Rus xalqını deyil, Kremli və bəzi siyasətçiləri günahlandırmaq olar. Kreml Qafqazda münaqişə ocaqları yaratmaqla öz iradəsini regionda diktə etməyə çalışır və buna da nail olur. Kreml, Qarabağ müharibəsində iştirak edən, azərbaycanlılara qarşı soyqırımı əməliyyatında iştirak etmiş Balayanları, Köçəryanları, Sarkisyanları qəhrəmana çevirir və prezident kürsüsünə gətirir. Amma bu adamlar qəhrəman deyillər, iddia etdikləri kimi azadlıq uğrunda mübariz aparmayıblar, sadəcə Kremlin siyasətinin alətinə çevriliblər. Çünki artıq 1988–ci ildə qədim Azərbaycan ərazisi hesabına yaradılan Ermənistan adlı dövlət var idi. Xalqını sevsəydilər Azərbaycana qarşı təcavüz və müharibə deyil, ölkələrinin inkişafını düşünərdilər. Əslində bu gün həm Ermənistandakı sadə xalq həm də işğal edilmiş Qarabağdakı sadə xalq Kremlin avtoru olduğu, Sarkisyan kimi təcavüzkarın icraçısı olduğu siyasətin girovuna çevrilib. Bir obyektiv baxış bucağından baxdıqda və məntiqi tərzdə düşündükdə Ermənistan xalqının da Qarabağ münaqişəsindən siyasi, iqtisadi, sosial baxımdan əziyyət çəkdiyini açıq aşkar görürsən. Ola bilər Ermənistanda və Qarabağda hansısa hərbiçi və ya siyasətçi bu müharibədən çox faydalansın amma bunun xalqa heç bir aidiyyatı yoxdur. O zaman sual yaranır bu münaqişə Erməni xalqının nəyinə lazım ? Milli müqəddəratını həll etmək məsələsidirsə Ermənistan adlı dövlət artıq de-yure mövcuddur. De fakto müstəqillik əldə etmək istəyirlərsə Qarabağı işğal etmək barəsində deyil, Kremldən azad olmaq barəsində düşünməlidirlər. Yeri gəlmişkən Azərbaycan da Kremldən hələ azad olmayıb. Ermənistan xalqının ərazi çatışmamazılığı da ola bilməz çünki ili ildən əhalisinin sayı azalmaqdadır. Deməli bu münaqişə Ermənistan xalqının nəinki maraqlarına cavab verir, əksinə bizi bir cür onları başqa cür məhv etməyə, zəiflətməyə, xidmət edir. Yəni Qarabağ münaqişəsi həm Azərbaycan həm də Ermənistan xalqı üçün faciədir, ümumi dərdir.

İndi ki, ümumi dərdir o zaman hər iki xalq birləşib münaqişəni yaradan Kremlə üz tutub müşküllərinin həllini tələb etməlidir. Xalqların ən azı ümumi problemin həlli üçün birləşməsini zəruri edən durumda, vətəndaş cəmiyyəti institutları vasitəsilə xalq diplomatiyasi sıx və fəal surətdə aparılmalıdır. Azərbaycan və Ermənistan xalqları birləşib Rusiya hakimiyyətindən Qarabağ münaqişəsinə son qoymağı, millətlər arasında konfrontasiya deyil, sülhü şərtləndirən siyasət yürütməyi tələb etməlidir. Hər iki xalq Azərbaycanın ərazi bütövlüyü həm Ermənistan həm də Azərbaycan xalqının ən qlobal problemi olduğunu qəbul etdiklərini Kremlə nümayiş etdirməlidirlər. Bu xülya deyil, ola bilər çətin amma münaqişənin vacib və sağlam həll yoludur.

Kilsənin fəaliyyətinin bərpası Ermənistana deyil, Azərbaycana lazımdır. Birincisi ona görə ki, məbədgahın bərpası, potensial sayı 30 min olan vətəndaşımızın hüququnun təmin olunması deməkdir. Hər bir sivil hakimiyyət milli mənsubiyyətindən aslı olmayaraq öz vətəndaşlarının hüquqlarının qorumalıdır. Buna görə kilsənin fəaliyyətinin bərpa olunması Azərbaycan hakimiyyətinin boynunun borcudur. İkincisi Azərbaycan dünyaya ermənilərlə sülh və mehriban şəraitdə yaşamağı bacardığını göstərə biləcək və bu həm də daşnakların iddialarına qarşı əsaslı kontrarqument ola bilər. Üçüncüsü hakimiyyət müsəlman çoxluğu olan Azərbaycanda, xristian azlığı ilə bağlı xoşməramlı addım atmış olar.

O ki, qaldı Qarabağda Azərbaycan məbədgahları, abidələrinin məhv edilməsinə. Bunu terrorçular törədib onların milli mənsubiyyəti isə heç bir şeyi dəyişmir. Azərbaycanlıları soyqrıma məruz qoyanlardan xoşməramlı addım gözləmək də olmaz. Mətbuatda çıxış edənlərin bəzilərinin nəzərincə Kilsə açılsa belə erməni əsilli vətəndaşlarımız qorxudan ora heç gəlməyəcək. Guya belə bir durum normaldır. Əgər bir ölkədə milli mənsubiyyətinə görə vətəndaş təqib edilirsə deməli bu məmləkətdə nasizmin mövcud olması haqqında danışmaq olar. Kilsənin bərpası birinci addımdır. Sonrakı addımlar isə vətəndaşların azad və təhlükəsiz şəkildə məbədgaha gəlmələri üçün tədbirlə görməkdir.

Avropa Dəyələrinə İnteqrasiya
İctimai Birliyinin Sədri,
Elnur Məlikov