BMU-da Anım Gününə həsr olunan konfrans keçirildi - Fotolar

bmu-da-anim-gunune-hesr-olunan-konfrans-kecirildi
Oxunma sayı: 1070

Bakı Mühəndislik Universitetində (BMU) 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunan konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca dövlət himni səsləndirilib.

Zəfər yolu tarixi ilə bağlı videoçarx izlənildikdən sonra çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabrın doğma torpaqlar uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edildiyini bildirib. 5 il öncə başlayan və 44 gün davam edən müharibənin səbəbləri, uğurlu nəticələri həmçinin 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa olunmasını diqqətə çatdıran rektor bu möhtəşəm zəfərin şəhidlərin qanı, qazilərin cəsurluğu, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını deyib.

Rektor bildirib ki, bu gün Prezident İlham Əliyev azad edilmiş ərazilərə davamlı səfərləri ilə həm sevincini xalqla bölüşür, həm də Azərbaycanın məhz öz iqtisadi imkanları sayəsində Qarabağ və Şərqi Zəngəzuru tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Çıxışının sonunda şəhidlərimizin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını, onların göstərdiyi misilsiz igidliklərin gələcək nəsillər üçün örnək olacağını deyən rektor tələbələrə tövsiyələrini çatdırıb.

Sonra tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, BMU-nun I kurs tələbəsi, 19 yaşında  Azərbaycanın ən ali hərbi təltifi-Vətən Müharibəsi Qəhrəmanı adını almış Azər Abdullazadə və professor, tarix üzrə elmlər doktoru Şikar Qasımov çıxış ediblər.

Tədbirin sonunda şəhid Ziyəddin Rəşidovun atası Arzu Rəşidov 60 illik yubileyi münasibətilə təbrik olunub və universitetdə təhsil alan şəhid ailələrinin üzvləri ilə xatirə fotosu çəkdirilib.