Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov bakalavriat və magistratura səviyyələrində keçirilən yaz semestrinin imtahan sessiyasının gedişatı ilə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, auditoriyalarda tələbələrlə səmimi söhbət aparan Havar Məmmədov imtahan suallarının tərtibi, BMU-da tədrisin səviyyəsi, keyfiyyəti və s. məsələlərlə bağlı onların fikirləri ilə maraqlanıb.
Auditoriyalara baxış zamanı rektora imtahanların qüvvədə olan normativ sənədlər əsasında və təlimata uyğun təşkili üzrə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, sessiya ilə bağlı imtahan keçiriləcək bütün auditoriyalarda müvafiq texniki və təşkilati işlər vaxtında tamamlanıb, imtahan zallarında tələbələrin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan prosesinin imtahan zallarında quraşdırılmış müşahidə kameraları vasitəsilə daim izlənilməsi, tələbələrin imtahanlarda iştirakı zamanı universitetdaxili tələb və qaydalarla əvvəlcədən tanış edilməsi istiqamətində işlərin görüldüyü qeyd edilib.
Sonra Qərargah və Apelyasiya komissiyasının fəaliyyəti ilə tanış olan Havar Məmmədova daxil olan müraciətlərin operativ araşdırılması, cavab kağızlarının kodlaşdırılması, eləcə də müəllimlər tərəfindən yoxlanılmasının icrası, imtahan nəticələrinin imtahanın keçirildiyi gün universitetin Elektron Məlumat Sisteminə daxil edilməsi və s. məsələlərlə bağlı görülən işlər təqdim olunub.
Rektor Apelyasiya komissiyasına daxil olan hər bir müraciətlərə çevik baxılması mexanizmlərinə diqqətin artırılması, o cümlədən imtahan nəticələrinin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri tapşırıq və tövsiylərini verib.
Qeyd edək ki, hər iki təhsil pilləsi üzrə əyani formada təşkil olunan imtahan sessiyası iyulun 5-də başa çatacaq.