Ötən ilin mart ayından başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərindəki Azərbaycan icması ilə Azərbaycanın oradakı baş konsulu Qüdsi Osmanov arasında konflikt ictimai müzakirələrin predmetidir. Azərbaycan mətbuatı bu münaqişəni davamlı olaraq diqqətdə saxlayır. Elə, Azərbaycan hakimiyyəti də Peterburq sindromuna xüsusi əhəmiyyət verdiyini bir neçə dəfə büruzə verib. Ötən il iyul ayının 5-6-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultayında çıxış edən Ilham Əliyev, heç şübhəsiz, bu münaqişəni nəzərdə tutaraq dedi ki, diaspora təşkilatları Azərbaycan Respublikasının rəsmi təmsilçiləri, yəni səfirlik və konsulluqları ilə əlaqəli fəaliyyət göstərməlidirlər. Prezident, ifadəni bu cür formalaşdırmaqla Peterburq diasporunun konsulla barışmalı olduğunu və konsulun haqlı olduğunu bildirdi. Amma Peterburqda yüzminlərlə azərbaycanlı yaşayır və bu yüz minlərlə insanı konsulun qarşısında əyilməyə dəvət etmək orada heç kimin xoşuna gəlməyib. Daha doğrusu, əksəriyyətin.
Hökumət orada bir qrup adam taparaq yeni diaspor təşkilatı yarada bildi. Ötən ilin noyabr ayında Polad Bülbüloğlu Peterburqa gedərək orada yaradılan yeni təşkilatın üzvlərini Peterburqun yerli hakimiyyətinə təqdim etdi və Azərbaycan hökuməti də orada diaspor problemini həll etdiyini sandı.
Səfir Bülbüloğlu yeni yaratdıqları Cəmiyyət üzvləri ilə görüşündə Ümumrusiya Azərbaycanlıları Konqresi kontekstində yerli problemi nəzərdə tutaraq demişdi: “Bu qurumun fəaliyyətini gücləndirmək lazımdır. Diaspora probleminin inzibati həlli yolu yoxdur. Heç kəsə demək olmaz ki, gedib dost olsunlar. Səfirlik diasporanın fəaliyyətinə müdaxilə edə bilməz. Çünki diaspora üzvləri bizim ölkənin vətəndaşları deyillər. Biz səfirlik olaraq bu prosesləri yaxından izləyirik və mövcud problemlərin həllinə kömək edə bilərik”.
Peterburqdakı Azərbaycan ziyalıları konsulu “qəbuledilməz adam” hesab edirlər
Amma Azərbaycanın Peterburqdakı konsulunu qəbul etməyən, onunla çox gərgin münasibətdə olan minlərlə insan var. Bu insanlar, həm də sıradan olan insanlar deyillər. Peterburqda böyük imkanları, təmsilçilik qabiliyyəti olan insanlardır.
Məsələn, Sankt Peterburq Universitetinin professoru Akif Fərzəliyev kimi:
- Hərdən heyrətamiz şeylərlə qarşılaşmalı olursan. Məsələn, konsul çıxışlarının birində vurğulayıb ki, onun adı çar Rusiyasının generalı olan Qüdsi Bakıxanovla əlaqədardır, yəni o nəsildən olan birisi kimi. Belə bir general olmayıb. Hətta Abasqulu ağa Bakıxanov nəzərdə tutulursa, o da general olmayıb axı. Bu, nə savadsız yanaşmadır. Bu adamın iddialarından belə çıxır ki, Peterburqda diasporanı bu yaradıb. Bu, heç. Bunlar öz xeyrinə yalançılıqlardır. Amma konsul müxtəlif adamlara “Akif Fərzəliyev FSB-nin yüksək səviyyəli casusudur” kimi yalanlar söyləyəndə, bu artıq kiminsə zərərinə hesablanan yalançılıq olur. Mən burada Qafqaz tarixini, o cümlədən Azərbaycan tarixini tədris edirəm. Mənim qrupumda olan ruslar Azərbaycan dilini mükəmməl səviyyədə öyrənirlər. Universitetdə və ümumiyyətlə, şəhərdəki təmaslarımda Azərbaycanın şərəfini hər şeydən uca tutan adam kimi tanınıram. Mənə qarşı bu cür şayiələr dövriyyəyə buraxılırsa, gör başqalarının haqqında hansı yaramaz əməllər planlaşdırılır və həyata keçirilir.
“Konsulluq arayış bazarına çevrilib”
Heyrətamiz olaylar isə həqiqətən də baş verir. Peterburqda xüsusi münasibət və hörmət qazana bilmiş azərbaycanlılardan biri Məşkür Qasımovdur. O, Sankt-Peterburq yunan-Roma güləşi Federasiyasının prezidenti, SSRI idman ustası, Rusiya Federasiyasının əməkdar məşqçisidir. Rusiyanın ikinci paytaxtında bu titulları və mövqeləri qazanmaq təqdirəlayiq hadisədir, əlbəttə. M. Qasımov eyni zamanda Peterburq Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti Şurası sədrinin birinci müavinidir. Deməli, diasporanın simalarından biridir. Məşkür Şükürov da baş konsulun Azərbaycan adına yaramayan bir rəsmi təmsilçi olduğunu təkidlə bildirənlərdəndir.
- Bu adam Azərbaycanı təmsil edə bilməz. Başqa tərəfdən, buradakı diasporada narazılıqların və qarışılıqlı münasibətlərdəki etimadsızlıq elementlərinin yaranması birbaşa onun adı ilə bağlıdır. O, bu vəzifəyə yaramır. Əlbəttə, burada baş konsulun kim olacağı bizim işimiz deyil, dövlətin işidir. Amma dövlət nümayəndəsi diaspora ilə bir yerdə işləmək əvəzinə burada narahatlıqlar yaratmaq, insanları bir-birinə qarşı qoymaq, konsulluğu bazara çevirməklə məşğuldursa, deməli bizim ictimai təpkilərimizlə üzləşəcək. Adicə arayış məsələsini götürün. Arayışın qiyməti 1500 rubldur. Amma oraya müraciət edən azərbaycanlıların hamısına verilən rəsmi cavab bu olur ki, arayış yoxdur. Qapının ağzında isə onları qeyri rəsmi olaraq konsulluğun dəllalları qamarlayır və 5000 rubla arayış təklif edirlər. Bu, biabırçılıq deyil? Onlarla adam diasporaya müraciət edir, konsulun yaramaz hərəkətləri barədə şikayət eləyir. Indi biz neyləyək? Işimizi-gücümüzü atıb konsulu təmizə çıxarmaqla məşğul olmalıyıq?
“O, yerli diasporanı parçalamaq və millət arasında etimadsızlıq yaratmaqla məşğuldur”
Konsul Peterburqda bizneslə məşğuldur. Diplomatik işdə çalışan adamın fəaliyyət göstərdiyi ölkədə bizneslə məşğul olması qanuni əməl deyil. Amma Qüdsi Osmanovun təkcə bizneslə məşğul olması deyil, həm də saysız-hesabsız adamlara pul atdığı barədə də müdhiş hekayətlər də danışırlar. Bunlardan biri hətta konsulun kabinetinə girib onu cəzalandırmaq üçün çiyninə və qoluna iki güllə də boşaldıb. Bu barədə xəbərlər mətbuatda yazılıb. Amma baş konsul Azərbaycan hökumətinin əvəzedilməz adamı olaraq qalır.
- Əgər Qüdsi Osmanov konsulluqdan götürülsə, o zaman konsulluqla diasporanın münasibətləri qaydasına düşəcəkmi?
Akif Fərzəliyev “bəli” deyir:
- Bu adam indi Peterburqda Azərbaycan icmasının mütəşəkkilliyinə, fəaliyyət keyfiyyətinə neqativ təsir göstərən yeganə adamdır. Onun haqqında Rusiya və Azərbaycan mətbuatında daha nələr yazılmayıb? Amma görünür, kimlərisə təmin edir. Hər halda, biznes adamıdır. Doğrudur, biznesinə butılka bağlamaqla başlayıb, amma indi böyük biznesi var. Görünür, bu da onun buradakı vəzifəsində qalmasının əsas sirridir. Amma bu qədər də olmamalıdır. Bu adam islah olunmalıdır. Ən yaxşı yolu isə onun buradan uzaqlaşdırılmasıdır.
Icmanın dini lideri konsulun cavabından heyrətlənib
Problemə Peterburq azərbaycanlılarının axund olaraq qəbul etdiyi Hacı Vüqar da münasibət bildirir:
- Mən baş konsulun yanına getdim. Ona dedim ki, diaspora ilə münasibətləri qaydasına qoysun. Burada, qərib ölkədə azərbaycanlıların arasında nifaq salmaq, onları bir-birinə qarşı qaldırmaq yaxşı hərəkət deyil. Dövlət adından çıxış edən birisi kimi onun bu fəaliyyətləri millətin və dövlətin adına yalnız xələl gətirir. Baş konsul mənə dedi ki, Vaqif Məmişov ondan üzr istəməyincə geri addım atmayacaq. Bu cavab məni şoka saldı. Vaqif Məmişov burada Azərbaycan diasporunun yaradılmasında, Peterburqda azərbaycanlıların nüfuzunun qaldırılmasında, yerli hakimiyyətlə münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında misilsiz xidmətlər göstərmiş adamdır. Qüdsi Osmanovun özünün də formalaşmasında, bu səviyyəyə gəlib çıxmasında Vaqif Məmişovun böyük rolu olub. Konsulun bu reaksiyası və konstruktiv əməkdaşlıq üçün belə bir şərt irəli sürməsi məni əmin etdi ki, onun geriyə yolu qalmayıb...
Azadlıq qəzeti