Şef redaktorun qardaşı oğlunun başını kəsdilər

sef-redaktorun-qardasi-oglunun-basini-kesdiler-
Oxunma sayı: 683

Qətlə yetirilən gənc "ANS PRESS" nəşriyyat evinə məxsus "El" jurnalının şef redaktoru Südabə Sərvinin qardaşı oğludur. Rəşid Müşviq oğlu Əhmədov fevralın 21-də qətlə yetirilib.

ANS PRESS-in verdiyi məlumata görə, Rəşid Əhmədov valideynləri ilə birgə Nijni Novqorod vilayətinin Kstovo şəhərində yaşayırmış. Fevralın 21-i axşam saatlarında evlərinə zəng gəlib və Rəşidi küçəyə çağırıblar. Hadisə baş verən vaxt Rəşidin atası evdə olmayıb. Anası Həlimə onun getməyini istəməsə də, Rəşid inad edərək evdən çıxıb və kiminlə, hara gedəcəyi barədə məlumat verməyib.

Valideynlər Rəşidin evə qayıtmamağından narahat olub axtarışa başlayıblar. Lakin Rəşidi tapa bilmədikləri üçün polisə müraciət ediblər. Fevralın 22-də polis evlərindən 100 metr aralıda Rəşidin başının bədənindən ayrılmış cəsədini aşkar ediblər. Cəsədə baxış zamanı onun döyülərək öldürülməsi və sonradan başının kəsilməsi müəyyən edilib.

Rusiya hüquq mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən rus millətindən olan bir nəfəri saxlayıb. Hələlik saxlanılan şəxsin adı və hadisənin nə səbəbdən baş verməsi açıqlanmır.

Rəşid Əhmədov 17 yaşınadək Azərbaycanın Göyçay şəhərində nənə və babasının himayəsində yaşayıb. Daha sonra isə Nijni Novqorod vilayətinin Kstovo şəhərində yaşayan valideynlərinin yanına gedib. Atası Müşviq Əsgər oğlu Əhmədov iş adamı olub. Qohumlarının sözlərinə görə, Rəşid vətənpərvər gənc olub.