BTQ çərçivəsində gömrük prosedurları asanlaşacaq - Yenilənib

btq-cercivesinde-gomruk-prosedurlari-asanlasacaq
Oxunma sayı: 1442

Milli Məclisin bu gün keçirilən “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, müzakirələrdən sonra qanunun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

***

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti çərçivəsində tranzit gömrük prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumat mübadiləsinə dair Saziş dövlətlərin ərazilərindən keçməklə malların maneəsiz və sürətli beynəlxalq daşınmasını asanlaşdırmaq, yük daşımaları üçün vaxtı azaltmaq məqsədi daşıyır: “Əməkdaşlığın mahiyyəti hüquqpozmalar, qaçaqmalçılıq və cinayətkarlığa qarşı mübarizə tələbləri istisna olmaqla, gömrük nəzarətinə sərf olunan müddəti azaltmaq, ilkin elektron məlumat mübadiləsi sistemlərindən istifadə etməklə prosedurları sadələşdirmək, sürətli daşınması tələb olunan mallara xüsusi diqqət ayırmaq, risk təhlili əsasında yoxlama həyata keçirmək, bir-birinin gömrük plomblarını tanımaq, müəyyən məntəqələrdə birgə tədbirlər həyata keçirmək, bir-biri ilə rentgen təsvirlərini paylaşmaqdır. Bunun üçün tərəflər məlumat mübadiləsinin texnologiyalarını 6 ay ərzində hazırlamağa razılaşırlar. Bütün məsələlərin tənzimlənməsi üçün üçtərəfli əməkdaşlıq komissiyasının yaradılması planlaşdırılır. Sazişin depozitarisi Türkiyədir. Saziş qeyri-müəyyən müddətə bağlanır, yəni bütün sənədlər Türkiyədə saxlanılacaq”.

Sazişin icraçı üzrə səlahiyyətli orqanlar Azərbaycanda Dövlət Gömrük Komitəsi, Türkiyədə Ticarət Nazirliyi, Gürcüstanda isə Gəlirlər Xidmətidir.

Zaur Mirzə