“Bu, Azərbaycana qarşı sifarişləri icra edənlərin qərəzinin sübutudur”

bu-azerbaycana-qarsi-sifarisleri-icra-edenlerin-qerezinin-subutudur
Oxunma sayı: 1095

Bu günlərdə ABŞ Konqresinin 50, Senatının isə 10 üzvü Nümayəndələr Palatasının spikeri Mayk Conson, bu Palatada demokratik azlığın rəhbəri Hakim Cefris, Senatda demokratik çoxluğun lideri Çarls Şumer və respublikaçı azlığın rəhbəri Mitç Makkonela məktub ünvanlayaraq Ermənistana maliyyə yardımının artırılması üçün dəstək istəyiblər.

Müraciət müəllifləri xahişlərini Ermənistanın “həssas demokratiya” olması, Rusiyanın təzyiqləri ilə üz-üzə qalması və Azərbaycanın onun “ərazilərini işğal etməsi” ilə əsaslandırıblar. Məktubda ABŞ Konqresindən xahiş edilmiş əlavə büdcədən Ermənistan üçün 10 milyon ABŞ dolları “Xarici Hərbi Maliyyələşmə” (Foreign Military Financing) proqramı üçün vəsait istənilir. Həmçinin ümid ifadə edilir ki, əlavə büdcədə humanitar yardım məqsədi üçün nəzərdə tutulmuş vəsaitdən Ermənistana gəlmiş 120 min “qaçqın”a müəyyən məbləğ ayrılacaq.

Milli Məclisin deputatı Elnur Allahverdiyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu fakt erməni lobbisinin təsirində olan və qaranlıq mexanizmlərin müqabilində Azərbaycana qarşı sifarişləri icra edən konqresmenlər və senatorların qərəzli əməllərinin növbəti sübutudur:

“Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib sülh müqaviləsindən danışır, vasitəçilik təklif edir, bütün dünya Azərbaycanın humanist addım atıb 32 ermənini azad etməsini alqışlayır, konqresmenlər və senatorlar isə bizi Ermənistan ərazisini “işğal etmək”də suçlayırlar. Məntiq bir kənara, bu, onların ABŞ-ın dövlət mənafelərinə qarşı çıxmalarının göstəricisi deyilmi? Konqresmen və ya senatorların ABŞ-ın milli maraqlarına cavab verən prosesə əngəl yaratması nəyin müqabilində baş verə bilər? Məncə, cavab məlumdur. Bəzi konqresmen və senatorlar həmin qeyri-şəffaf mexanizmlərin təsiri ilə ABŞ-ın milli maraqlarına qarşı çıxırlar”.

Milli Məclisin deputatı misal kimi ermənipərəst Bob Menendesi xatırlamağı məsləhət görür: “Gözümüzün qarşısında ermənipərəst Bob Menendes var. İllərdir Azərbaycan və Türkiyənin ünvanına hədyanlar yağdıran, çamur atan Menendes erməni arvadı Arslanyanın əli ilə dövlət sirrlərini xaricilərə satdığına görə tutduğu vəzifəsindən oldu. Menendes kimi onlarla ermənipərəst senator və konqresmen var. İstinsa deyil ki, onların bir çoxu elə bu məktubu imzalayanların arasındadır”.

E.Allahverdiyev hesab edir ki, ABŞ qanunvericilərinin bu addımı Vaşinqton administrasiyasının siyasətilə daban-dabana ziddir: “Azərbaycana qarşı son 30 ildə bu kimi qərəzli, ədalətsiz və haqqsız münasibətə öyrəşmişik, immunitetimiz yaranıb. Ancaq yenə də fikirləşəndə adam dəhşətə gəlir: yəni internet əsrində, dünyanın bir ucunda baş verən hadisədən digər qütbündə dəqiqələr sonra məlumatın olduğu reallıqda bu boyda yalan necə ayaq tutub yeriyir? Azərbaycan ərazilərinin beşdəbirini işğal edib viran qoyan, torpaqlarımızı mina qəbirstanlığına çevirən, ibadət yerlərimizi təhqir edib dağıdan Ermənistan “işğal və təzyiqlərin qurbanı” qismində təqdim edilir. Torpaqlarımız işğal olunanda da bizə qarşı 907-ci düzəliş kimi məhdudiyyət tətbqiq olunur, suveren ərazimizi işğaldan azad edəndə də”.