“Bu bölgələrdə müəllimlərin dərs yükü 30 saatı aşır” - Nazir müşaviri ilə müsahibə

bu-bolgelerde-muellimlerin-ders-yuku-30-saati-asir
Oxunma sayı: 2704

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyatın bütün sahələrində bərpa və quruculuq işləri davam edir. Bu prosesdə mədəniyyət infrastrukturunun yenidən qurulması, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin bərpası, uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Doğma yurdlarına qayıdan ailələrin övladlarının incəsənət təhsilinə cəlb olunması həm milli-mədəni irsin qorunması, həm də bölgələrin mədəni həyatının canlandırılması baxımından mühüm rol oynayır.

Bəs hazırda işğaldan azad olunmuş ərazilərdə musiqi və incəsənət təhsilinin bərpası istiqamətində hansı işlər görülür? Uşaqların bu sahəyə marağı hansı səviyyədədir və qarşıdakı illərdə hansı yeniliklər gözlənilir?

“Qafqazinfo” olaraq bu və digər suallara cavab tapmaq üçün mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovla söhbətləşdik.

- Cəsarət müəllim, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində hansı işlər görülür?

- “Böyük Qayıdış” proqramı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın bütün istiqamətlər üzrə bərpasını və əhalinin doğma yurdlarına qayıdışını nəzərdə tutur. Bu baxımdan mədəniyyət və təhsil müəssisələrinin fəaliyyətinin bərpası bizim üçün prioritet istiqamətlərdəndir.

Mədəniyyət Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz “Böyük Qayıdış” prosesinə töhfə verməkdir. Qarşımızda duran əsas vəzifələrdən biri yaşayışın bərpa olunduğu ərazilərdə musiqi və incəsənət məktəblərinin fəaliyyətini yenidən təşkil etməkdir. Son 3 il ərzində  işğaldan azad olunmuş ərazilərdə sistemli fəaliyyət planı əsasında  incəsənət məktəblərinin fəaliyyətinin bərpasına başlamışıq. Bu fəaliyyət yeni inşa olunmuş incəsənət təhsili müəssisələri ilə yanaşı, bir çox hallarda isə tam orta məktəbləri ilə birlikdə həyata keçirilib.

- Hazırda işğaldan azad edilmiş ərazilərdə neçə musiqi və incəsənət məktəbi fəaliyyət göstərir? 

- Sevindirici haldır ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 9 musiqi və incəsənət məktəbinin fəaliyyəti bərpa olunub. Demək olar ki, əhalinin məskunlaşdığı ərazilərin əksəriyyətində bu istiqamətdə işlər görülüb. Qeyd edim ki, ümumilikdə Qarabağ regionunda 54, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 14 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərin hamısı bilavasitə işğaldan azad edilmiş ərazilərdə yerləşmir.

Qarabağ regionunda Ağdam, Füzuli və Şuşada, eləcə də bu ildən Xankəndidə incəsənət təhsilinin təşkili istiqamətində işlər görülüb. Şuşa incəsənət məktəbi Şuşa şəhər 1 nömrəli tam orta məktəbin, Xankəndi Uşaq İncəsənət Məktəbi isə Kərkicahan qəsəbə tam orta məktəbinin binasında fəaliyyət göstərir. Bu tədris ilində Xankəndi İncəsənət Məktəbinin fəaliyyətə başlaması xüsusilə əlamətdar hadisədir. Hazırda  Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin 130-a yaxın şagirdi incəsənət təhsilinə cəlb olunub. Bu proses Qarabağ Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Qarabağ Universitetinin İncəsənət məktəbinin müəllimləri də Xankəndi İncəsənət Məktəbində dərs deyirlər. “Böyük Qayıdış”la Xankəndi, Şuşa və Xocalıya köçən müəllimlərimizin də bu prosesə cəlb olunması işimizin səmərəliliyini artırır.

- Yaxın illərdə hansı şəhər və rayonlarda yeni məktəblərin açılması və ya mövcud məktəblərin fəaliyyətinin bərpası nəzərdə tutulur?

- Növbəti mərhələdə Xankəndi İncəsənət Məktəbinin öz binasında fəaliyyət göstərməsi nəzərdə tutulur. Bununla əlaqədar binanın təmiri istiqamətində işlərə başlanılması planlaşdırılır.

Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Ağdam Muğam Mərkəzində ötən 2 il ərzində təhsil prosesinə başlanılıb, bu ildən isə Cəbrayılın Şükürbəyli kəndində yeni istifadəyə verilən musiqi məktəbi şagirdlərin ixtiyarına verilib. Şuşa, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər İncəsənət məktəbləri Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq formatında həmin ərazilərdə yerləşən təhsil müəssisələrinin binasında fəaliyyət göstərir.

- Doğma yurdlarına qayıdan ailələrin uşaqlarının musiqi və incəsənət təhsilindən yararlana bilməsi üçün hansı imkanlar yaradılır? Bu uşaqların təhsilə cəlb olunması necə təmin ediləcək?

- Bu sahəyə maraq kifayət qədər yüksəkdir. Məsələn, Xankəndidə ilkin mərhələdə təxminən 50-55 uşaq musiqi və incəsənət təhsili almaq üçün müraciət etmişdi. Lakin qısa müddətdə bu rəqəm təxminən 130-a çatdı. Hazırda Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş bölgələrində ümumilikdə 513 uşaq bu imkanlardan yararlanır.

Tədris olunan ixtisaslar da müxtəlifdir. Şagirdlərin təxminən 200-ü fortepiano üzrə təhsil alır. Bununla yanaşı, xanəndəlik, xalq çalğı alətləri, rəssamlığa böyük maraq var. Xoreoqrafiya dərsləri də tədris prosesinin mühüm hissəsidir.

Gələn ildən rəqəmsal incəsənət istiqamətində yeni ixtisasların açılması planlaşdırılır. Əhalinin doğma yurdlarına qayıdışı genişləndikcə uşaqların bu sahəyə marağının daha da artacağını gözləyirik.

- Cəsarət müəllim, bölgələrdə musiqi və incəsənət müəllimlərinin çatışmazlığı ehtimalı nəzərə alınaraq kadr təminatı ilə bağlı hansı tədbirlər planlaşdırılır? Müəllimləri bu bölgələrdə işləməyə təşviq edəcək xüsusi proqramlar nəzərdə tutulurmu?

- Hazırda musiqi və incəsənət məktəblərində 126 müəllim çalışır. Onların təxminən 40 faizi həmin ərazilərdə yaşayan müəllimlərdir. Xankəndi, Şuşa, Ağdam, Cəbrayıl, Kəlbəcər və Laçında məskunlaşan müəllimlərimiz tədris prosesində iştirak edirlər.

Kadr təminatını bir neçə istiqamət üzrə təşkil edirik. Əvvəla, həmin ərazilərdə yaşayan və ya ora köçən müəllimlərimizi işlə təmin edirik. Eyni zamanda, musiqi təhsili sahəsində çalışan digər mütəxəssisləri də tədris prosesinə cəlb edirik. Müəllimlərin işə cəlb olunması baxımından dərs yükü də əhəmiyyətlidir. Hazırda orta dərs yükü 24 saatdan çoxdur, bir çox hallarda isə 30 saatı aşır. Bu, müəllimlərin əməkhaqqına da müsbət təsir göstərir.

- Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə musiqi və incəsənət təhsilinə maraq necədir?

- Marağın yüksək olduğunu müşahidə edirik. Məsələn, Kəlbəcərdə İncəsənət Məktəbi bu il fəaliyyətə başlayıb. Hazırda Gəncədən Kəlbəcərə gedən ondan çox müəllim burada dərs deyir. Eyni zamanda, Kəlbəcərdə yaşayan müəllimlər də tədris prosesinə qoşulub. Artıq 30-dan çox uşaq Kəlbəcərdə incəsənət təhsili alır. Əvvəllər başqa ərazilərdə yaşayan və təhsil alan uşaqlar indi doğma şəhərlərində təhsillərini davam etdirirlər.

Cəbrayılda da maraq böyükdür. Bu il 120-dən çox cəbrayıllı uşaq Cəbrayıl şəhəri və Şükürbəyli kəndindəki musiqi məktəblərində təhsilə başlayıblar. Xankəndidə isə gələn il üçün şagird sayının təxminən 250-yə çatacağını ehtimal edirik. Xankəndi şəhərində ümumtəhsil məktəblərində təhsil alan uşaqların sayını və onların incəsənətə marağını nəzərə alsaq, bu istiqamətdə böyük potensial mövcuddur.

- Müasir tədris avadanlıqları, alətlər və dərs vəsaitləri ilə təminat məsələsi necə həll ediləcək?

- Bu istiqamətdə mütəmadi iş aparılır. Bakı şəhərində və digər regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin optimallaşdırılması nəticəsində əldə olunan musiqi alətlərinin bir hissəsi işğaldan azad edilmiş ərazilərdəki məktəblərə yönəldilir.

Bununla yanaşı, məktəblərin tələbatına uyğun olaraq əlavə musiqi alətlərinin təminatı da davam etdirilir. Yeni fəaliyyətə başlayan məktəblərin ehtiyacları daim diqqət mərkəzindədir. Gələcəkdə həmin məktəblərin şagirdlərinin səhnə fəaliyyətinin genişləndirilməsi, onların müxtəlif müsabiqələrdə iştirakının təmin olunması da nəzərdə tutulur.

- Bu ərazilərdə musiqi məktəblərinin fəaliyyəti ilə yanaşı, ustad dərsləri, festivallar və digər mədəni tədbirlərin təşkili planlaşdırılırmı?

- Bəli, bu istiqamətdə də işlər görülür. Məsələn, Füzulidə Kurmanqazı adına İncəsənət Məktəbində Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin yaxından iştirakı ilə müxtəlif tədbirlər təşkil olunur. Məktəbin geniş zalı bu cür tədbirlərin keçirilməsi üçün əlverişli imkan yaradır. Yaxın gələcəkdə Cəbrayıl və Xankəndidə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur. Laçında incəsənət təhsilinin infrastrukturunun genişləndirilməsi istiqamətində də müvafiq müzakirələr aparılır.

Əhalinin doğma yurda qayıdışı artdıqca uşaqların mədəni tədbirlərə və yaradıcı fəaliyyətə cəlb olunması üçün imkanlar da genişlənəcək. Müasir tədris avadanlıqları ilə təchiz olunan məktəblər bu baxımdan mühüm rol oynayacaq.

- Cəsarət müəllim, ümumilikdə, qarşıdakı illərdə işğaldan azad edilmiş ərazilərdə musiqi və incəsənət təhsilinin inkişafı ilə bağlı əsas hədəflər nələrdir? Yaxın gələcəkdə hansı yenilikləri və nəticələri görəcəyik?

- Əsas hədəfimiz işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinin davamlılığını təmin etmək, məktəblərin şəbəkəsini genişləndirmək və təhsilin keyfiyyətini artırmaqdır. Bununla yanaşı, müvafiq həmkarlarla ümumi təhsil məktəbləri ilə incəsənət məktəblərinin birgə fəaliyyət modelinə dair müzakirələr də aparırıq. Bu model uşaqların əlavə vaxt itkisini azaltmaqla yanaşı, onların incəsənət təhsilinə çıxışını da asanlaşdırır. Son illərdə musiqi və incəsənət təhsili sahəsində müəllimlərin peşəkar bacarıqlarının qiymətləndirilməsi, rəqəmsallaşma, yeni ixtisasların yaradılması və müasir tədris metodlarının tətbiqi istiqamətində mühüm addımlar atılıb.

İnfrastrukturun yenilənməsi də əsas prioritetlərdəndir. Bakı şəhərində və digər regionlarda yeni incəsənət məktəbləri istifadəyə verilir. Eyni yanaşmanı Qarabağ və Şərqi Zəngəzur regionlarında da genişləndirməyi planlaşdırırıq.

Ümumilikdə, məqsədimiz uşaqların yaşadıqları ərazidən asılı olmayaraq, keyfiyyətli incəsənət təhsili almalarına şərait yaratmaqdır. Əhalinin doğma yurdlarına qayıdışı artdıqca bu məktəblərin fəaliyyəti də genişlənəcək, uşaqların yaradıcılıq imkanları daha da artacaq.

Lamiyə Məmmədova