“Bu boyda vəzifə sahibidir...”

bu-boyda-vezife-sahibidir
Oxunma sayı: 650

Indi də Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistləri təhqir edib. Abutalıbov ondan açıqlama almaq istəyən “Azadlıq” radiosunun müxbirinin sualına belə cavab verib: “Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm”.
Bakı merinin dövlət məmuruna yaraşmayan hərəkətinə həm hökumətyönlü, həm də müxalifət qəzetlərinin rəhbərlərinin münasibətini öyrənmək üçün onlara müraciət etdik.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov
Abutalıbova cavab vermək istəmədi: “Kim nə söz deyirsə, mən onu şərh edəsi deyiləm ki... Bu boyda vəzifə sahibidir, insandır. Nə bilim hansı halda, hansı məqamda belə söz deyib. O yaşda, o təcrübədə olan insanın dediklərinə nə şərh verim?”

Mətbuat Şurasının sədri Əflatun Amaşov
isə istisna eləmir ki, Hacıbala Abutalıbov bu fikri qorxduğundan səsləndirə bilər: “Bəlkə qorxduğunu, bəlkə jurnalistlərin halına acıdığını demək istəyib. Ümumiyyətlə isə yerində işlədilməyən fikirdir. Fikirlə razılaşa bilmərəm. Özünə hörmət edən jurnalist bu fikirlə razılaşa bilməz. Çox təəssüf edirəm”.

“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev
deyir ki, Bakı şəhər Icra hakimiyyəti başçısının bu fikirləri hakimiyyətin jurnalistlərə olan münasibətini ifadə edir: “Müstəqil jurnalistlərin öldürüldüyü, həbs edildiyi, oğurlanaraq işgəncə verildiyi, daima ağır şəraitdə fəaliyyət göstərdiyi ölkədə vəzifəli şəxs başqa necə danışa bilər? Hakimiyyət qanunlara hörmət etsəydi, vətəndaşlara xidməti özünə borc bilsəydi, jurnalistlərə peşə fəaliyyətini həyata keçirməyə normal şərait yaratsaydı, Hacıbala Abutalıbov belə danışmazdı”. /azadliq.info/