Bu gün Yazıçılar Birliyindən qovulan şairin– şeirləri

bu-gun-yazicilar-birliyinden-qovulan-sairin-seirleri-
Oxunma sayı: 807





DƏNİZ HAQQINDA NAĞIL

Ürəyimdə bir daşın ağrısını duymadım,
Əllərim havadan asılı qaldı.
Günahımı damcı-damcı yumadım,
Bulud həsrətini göylərə yazdı.

O müqəddəs daşdı, elə uyuyur,
Qərib bir komanın önündə çoxdan.
Göylərin yağışı elə hey yuyur,
O daşı ruhumtək ta doğulandan.

Yarpaqlar dil açır bahar eşqiylə,
Dərdini quş kimi unudur insan.
Sahili yalayan dalğa diliylə,
Dənizi ayırır qara torpaqdan.

Dənizin həsrəti quşlara dönüb,
Asılır quşların qanadlarından.
Qağayı qanadlar bir an görünüb,
Bir anda ayrılır qumsallıqlardan.

***

Gecə ayın gözünü
yuxu aparır.
Adamları addımları
hara aparır?!...
Üzünə günəşin üzündən düşən
Yalançı həyat işığı
gözlərini aldadır
insan da beləcə
yarandığı gündən
ay kimi göydə
oynamağa çalışır.
Ay heç olmasa
jyarpaqların arasında
gözəlliklə oynayır!?
İnsan özü-özüylə
oynayır
az qala bir gün özünü
meymun şəklinə salır?!
Müğənnilər,
aktyorlar və
hər şeyin kökündə duran
yalançı şairlər tapır.
Yarım ay şəklində
alimlər qazanır…
Arxeoloq bilmirəm
çürümüş sümüklərdən
nə yaradır?!
Dünyaya nə qazanır -
savaşdan başqa…
günahdan başqa.
Yarpaqlar bu kədəri
duyub saralır
ayın gözünü hər gecə
yarpaqların arasında
yuxu aparır.

BİR DƏLİ YAZ YAĞIŞINDA
(Əziz şairimiz, ruhu qanadlı Avdı Qoşqara)


Gecə oyaqdı,
səhər oyaq.
Ürək oyaqdı,
gözlər oyaq.
Sevinc oyaqdı,
kədər oyaq.
Kənd oyaqdı,
şəhər oyaq…
Ömrümüzdən yel kimi
ötən ölümlər oyaq,
bəs nə üçün könlümüz
duymur son həqiqəti
budağında titrəyib
əsincə yapraq!?
Nədən oyanmır könlümüz,
İnternetdə qıvrılıb
ilana dönən çayların
dişindəki zəhər oyaq?!
Bəlkə bir gün beləcə
əməllərimizi
tərəziyə qoyaq?!
Görək nağıldakı kimi
kim yatmış bu qərib
dünyamızda kim oyaq?!
Yatana şirin-isti
yuxu arzulayaq,
oyananın da
bir dəli yaz yağışında
günahını unudaq!?..

Dünən gecə

Dünən gecə küçəmizdən
Gəlib keçdi bir pəri,
Günəş təki işıqlıydı,
yanırdı gözləri.

Ancaq onu tanımadım,
Sən demə onun gözləri,
Elə-belə yanırmış?..
Göydə yanan ulduzların
Gözləriymiş gözləri.

O pərini gözlədim,
Suda üzən telləri,
Tanış gəldi birdən mənə,
Oyandı gözlərim,
Saçlarımla gül kimi.

Dolaşanda əllərim,
Onu tanıtdı mənə
Həzin payız yelləri.
Dünən gecə küçəmizdən
Gəlib keçdi bir pəri
Bulaq kimi işıqlıydı,
yanırdı gözləri.

***

Çiçəkdi çiçək
Çiçək açılmadan öncə, çiçəkdi çiçək.
Ürəyi də, gözləri də,
Çiçək kimi kövrəkdi çiçəyin.
Tikan bitirəndə,
Gözlərdən düşdü çiçək.
İlan kimi elə bil, süründü çiçək,
Ləçəyinə tikan kimi büründü çiçək.
Gözlərə çiçək kimi deyil,
Tikan kimi göründü çiçək.

***

Şükür Allah, şükür Allah
Xoruz mələk görəndə,
banlayarmış...
Şükür Allah – Şükür Allah.
Eşşək şeytan görəndə,
anqırırmış...
Şükür Allah – Şükür Allah.
İnsan ölüm hayında,
həqiqəti anlayarmış...
Şükür Allah – Şükür Allah.
Məhəbbəti duyarmış,
Sevgilini duyarmış –
Eşqdən doyarmış,
Ürək Allah – Könül Allah.
Günahını yuyarmış,
Gözlər Allah – Gözlər Allah.
Həqiqətə qovuşarmış,
Ürək Allah – Könül Allah.
Yarımçıq ay şəkilində,
Qalmazmış sabah...
Şükür Allah – Şükür Allah.