Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb

bu-olkelerden-azerbaycana-gelen-turistlerin-sayi-artib
Oxunma sayı: 3140

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 9,2 faizi İran, 5,7 faizi Gürcüstan, 3,8 faizi Hindistan, hər birindən 3,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 faizi Küveyt, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,7 faizi Qazaxıstan, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Özbəkistan, 1,3 faizi Türkmənistan, 10,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,5 faizini kişilər, 22,5 faizini qadınlar təşkil edib.  

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 7,2 dəfə, Hindistandan - 6,7 dəfə, Özbəkistandan - 5,8 dəfə, Türkmənistandan - 5,1 dəfə, Belarusdan - 4,3 dəfə, Çindən - 3,6 dəfə, Qazaxıstandan - 2,4 dəfə, İsraildən - 1,9 dəfə, Omandan - 1,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,8 dəfə,  ABŞ-dan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Gürcüstandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə, Türkiyədən - 33,4 faiz, Ukraynadan - 8,8 faiz, İrandan - 7,8 faiz artıb.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 93,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,4 dəfə artaraq 9,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 19,8 faiz artaraq 40,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 35,1 faizi dəmir yolu və avtomobil, 63,4 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Rəsmi məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218,0 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 8,4 faiz artıb, İrana gedənlərin sayı isə 15,5 faiz azalıb. Ölkə vətəndaşlarının 39,7 faizi Türkiyəyə, 22,8 faizi Rusiya Federasiyasına, 9,9 faizi Gürcüstana, 8,4 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,0 faizini kişilər, 30,0 faizini qadınlar təşkil edib. 

2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 29,7 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.