“Bu qərarın Mehriban Ələkbərzadə ilə əlaqəsi yoxdur”

bu-qerarin-mehriban-elekberzade-ile-elaqesi-yoxdur
Oxunma sayı: 1534

İki gün öncə televiziya karyerasını bitirdiyini elan edən tanınmış aparıcı İlhamiyyə Rza bu qərarının səbəblərini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən aparıcı efirdən getməsinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı olmadığını bildirib.

“Bu, AzTV-dən, “Mədəniyyət” kanalından gediş yox, televiziya karyerasından gedişdir. Media fəaliyyətimiz davam edəcək. Fərqli platformada. Televiziya nə qədər doğma olsa da, internet imkanlarına uduzub artıq. Uduzmaya da bilərdi - sosial şəbəkələrdən daha maraqlı kontent hazırlamaqla, kütləvi mədəniyyətə qatılmamaqla, elitar, zövqlü efir məhsulları hazırlamaqla! Bu qədər imkan müqabilində nələr etmək olmazdı ki... 

...Şənbə günü yutub platformasında yerlədirilmiş sonuncu verilişimizə 290 baxış, 17 like, 1 şərh gəlib. Verilişin mövzusuna, keyfiyyətinə zərrə qədər şübhəm yox! Amma bu, o deməkdir ki, bu verilişə, bu mövzuya maraq yoxdur. Siz də deyirsiniz niyə getdiniz, meydanı kimlərə qoydunuz... 

P.S. Fikirlərimin təhrif edilməsi ehtimalını istisna etmək üçün əksəriyyətinizin verdiyi eyni suala elə buradan cavab yazıram: bizim bu qərarımızın Mehriban Ələkbərzadə ilə heç bir əlaqəsi yoxdur”, - deyə İlhamiyyə Rza qeyd edib. 

Qeyd edək ki, M.Ələkbərzadə Mədəniyyət Nazirliyinin qərarı ilə teatrlarda aparılan struktur dəyişikliyindən sonra Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsini itirib. O, bir neçə həftə əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bədii rəhbəri vəzifəsinə təyin olunub.