Bu, seçki deyildi...

bu-secki-deyildi
Oxunma sayı: 14452

Bu, seçki deyildi. Bu, Azərbaycan xalqının öz böyük oğlu İlham Əliyevə təşəkkürünün ifadəsi idi... Dünənin Azərbaycanını təkcə MSK-da qeydiyyatdan keçən onminlərlə müşahidəçi izləmirdi. Az qala, bütün dünyanın gözü dünən müşahidəçiyə çevrilib bizə baxırdı. Əlbəttə, təkcə nə baş verəcəyini görmək üçün yox, arzuladıqlarını görmək üçün... Bu mənada dünənki seçkini həm iqtidar tərəfindən, həm də bu iqtidarı istəməyənlər tərəfindən müşahidə edənlər yanıldılar. Dünən Azərbaycan xalqı lap 90-ların Milli Azadlıq Mübarizəsində meydana çıxdığı kimi seçki qutularının başına toplaşdı...

Əslində, heç kəsin dünən İlham Əliyevin qalib gələcəyinə şübhəsi yox idi. Sadəcə dünən həm vətəndə, həm də vətəndən kənarda yaşayan azərbaycanlıların ayağa qalxaraq seçki məntəqəsinə axışacağını müşahidə edəcəyimizi səmimi etiraf etsək, çoxları gözləmirdi. Dünən Azərbaycan xalqı seçkiyə axışaraq onu 30 ilin yarımçıqlıq kompleksindən xilas edən, əzik duruşunu düzəldən, onun özünəinam hissini qaytaran, bütün vətənsevərlərin içində bir küncdə də olsa boylanıb daim həyəcan yaradan “Stepanakert” məfhumunu silib atana təşəkkür etməyə getmişdi.

Dünən İlham Əliyevlə bərabər həm də təşəkkür etməyi bacaranlar qalib gəldi. Bir toplum ki, təşəkkür etməyi bacarmadı, onun taleyi mütləq bir yerdə qırılacaq... Nə yaxşı ki, bu, fərdi qaydada da belədir. Dünən bizim xalqın seçkiyə reaksiyasını görəndə yadıma dünyanın ən böyük idmançılarından biri saydığım Naim Süleymanoğlunun haqqında çəkilən filmdəki “Mən insan gördüm” ifadəsi düşdü...

İlham Əliyev dünən Xankəndidə səs verməklə “niyə növbədənkənar?” sualı verənlərə də cavab verdi. Adam böyük mənada ünvan dəyişdi...

Hə bir də, axı hamı yaxşı bilir ki, dünən İlham Əliyev Razi Nurullayevə, Fuad Əliyevə və o birilərinə yox məhz, Makrona, Mişelə, Olbrayana və o birilərinə qalib gəldi. Bu, əslində onlara göstərmək idi ki, arxasında 10 milyonun dağ kimi dayandığı bir liderə heç kim qalib gələ bilməz. Nə ölkə, nə adam, nə sanksiya, nə də ki, hansısa şura formatında...

Sonda qoy dünyanın ən böyük şablonunu da işlədim, bitirək. Neçə belə illərə, Azərbaycan...

Elbrus Ərud