“Bu, xəstəxanalara axını daha çox artıracaq”

bu-xestexanalara-axini-daha-cox-artiracaq
Oxunma sayı: 5116

“Əvvəllər mürəkkəb əməliyyatları biz özəl tibb müəssisələrinə göndəriş etməklə icra edirdik, amma artıq əməkhaqqı sistemində aparılan islahatlar, xarici ölkələrdə təhsil almış və çalışmış həkimlərin tibb müəssisələrimizə cəlb olunması hesabına əlavə və dəyişikliklərdən öncəki 2550 tibbi xidmətin hamısını təqdim edə bilirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xidmətlər Zərfinin təqdimat mərasimində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, Xidmətlər Zərfinə yeni daxil olan tibbi xidmətləri, çətin əməliyyatları da icra edə bilmək üçün TƏBİB əlindən gələni edir: “Məsələn, hazırda Yeni Klinikada orqan köçürülməsi, süni mayalanma, mürəkkəb fizioterapiya əməliyyatları, robotik cərrahiyyənin icrasını planlaşdırırıq. Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq.

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq. Məsələn, Abşeron Mərkəzi Xəstəxanasına gün ərzində 3000-dən çox xəstə müraciət edir, təqdim etdiyimiz tibbi xidmət sayı artıqda bu sayda artım müşahidə olunacaq. Bu səbəbdən tabeli tibb müəssisələrimizdə daha yaxşı və operativ xidmət göstərə bilmək üçün randevu sistemini, növbəli poliklinik sistemini tətbiq etmək zərurəti yaranıb. Həm gündüz, həm axşam saatlarında poliklinika xidmətini tətbiq etmək effektiv olar”.

V.Qurbanov əlavə edib ki, bölgələrdə də hazırda uzmanlarımız fəaliyyət göstərir, mürəkkəb əməliyyatlar icra olunur, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələri açılıb, Şəkidə, Şirvanda da açılması planlaşdırılır. Artıq insanlar Bakıya gəlmədən də regionda əməliyyatlarını etdirə bilirlər: “Hazırda vətəndaşların regionlarda bir xəstəxanada onlar üçün zəruri olan bütün tibbi xidmətləri əldə edə bilmələri üçün çalışırıq. 2023-cü ilin 8 aylıq göstəricilərinə əsasən, icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69 %-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31 % -i isə özəl tibb müəssisələrində icra edilib. TƏBİB-n tabeliyində olan tibb müəssisələrində icra edilən stasionar cərrahi xidmətlər sırasında TOP-5 əməliyyatlar siyahısına nəzər salsaq, ginekoloji əməliyyatlar, hamiləlik, doğuş və zahılıq dövründə icra edilən mamalıq prosedurlarının sayı 47 %, həzm sistemində aparılan əməliyyatların sayı 14 %, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə aparılan əməliyyat sayı 12 %, travmatoloji, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı 9 %, tənəffüs sistemi xəstəliklərinin cərrahi müalicəsi üzrə əməliyyatların sayı 5 % və icbari tibbi sığorta təminatına alınmış cərrahi tibbi xidmətlərə görə ümumi sığorta ödənişlərinin 48 %-ni təşkil edib”.

V. Qurbanov əlavə edib ki, TƏBİB-n tabeliyində icra edilməyən və ya qismən icra edilən cərrahi tibbi xidmətlərin ümumi sayı 31 % təşkil etməklə, onlardan ürək-damar sistemində aparılan əməliyyatların sayı 35 %, gözdə aparılan əməliyyatlar 28 %, koronar angioplastika, vaskulyar stendlərin taxılması əməliyyatları 23 %, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı, o cümlədən oynaq endoprotezlərinin yerləşdirilməsi 6 % olub”.

Gülnar Əliyeva