Bu yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video

bu-yanacaqdoldurma-menteqesinin-fealiyyeti-dayandirildi
Oxunma sayı: 2693

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə Agentliyin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Cəfərova Məmləkət Əhəd qızına məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib.

Qeyd olunan nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.